Bakı, 4 mart, AZƏRTAC
İncəsənət Gimnaziyasında Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, əməkdar artist Novruz Qartalla görüş keçirilib.
Əməkdar artist AZƏRTAC-a bildirib ki, tədbirdə gimnaziyanın direktoru Mahizər Şabanbəyova, şöbə müdiri Hicran Sadıqzadə, rejissor Əliheydər Şahbazov və başqaları çıxış ediblər. Tanınmış parodiya ustası Həsən Cəbrayılov N.Qartalla birlikdə cəbhə bölgəsində yerləşən hərbi hissələrdə əsgərlər üçün təşkil olunan konsertlərlə bağlı maraqlı xatirələrini bölüşüb.
Gimnaziyanın şagirdləri “Göyçək Fatimə”, “Vaqif” əsərlərindən parçalarla, müxtəlif musiqi və rəqs nömrələri, yumoristik səhnəciklərlə çıxış ediblər.
Sonda Novruz Qartal, musiqili teatrın aktyoru Möylə Mirzəliyev və İncəsənət Gimnaziyasının şagirdi Ləman Rəhimli “Hərənin öz ulduzu” və “Durna” tamaşalarından parçaları nümayiş etdiriblər.