Meksika Panama kanalına alternativ olacaq nəhəng layihənin inşaası ilə bağlı işləri davam etdirir.

Metbuat.az xəbər verir ki, Tehuantepek bərzəxindən keçən dəmir yolu və limanlardan ibarət layihə Atlantik və Sakit okeanlar arasında yük daşımalarını sürətləndirməyi hədəfləyir. Layihə çərçivəsində milyardlarla ton torpağın yerinin dəyişdirildiyi bildirilir. Sistemin əsas üstünlüklərindən biri Panama kanalından fərqli olaraq, gəmilərin keçidi üçün şirin sudan istifadə tələb etməməsidir.

Məlumata görə, Panama kanalında quraqlıq səbəbindən gəmi keçidlərinin azalması alternativ marşrutlara marağı artırıb. Meksika isə yüklərin bir okeandakı limanda boşaldılaraq dəmir yolu ilə digər okeanın sahilində yerləşən limana daşınmasını nəzərdə tutan sistem qurur. “Dəmir kanal” adlandırılan layihədə yüklərin bərzəx boyunca təxminən 20 saata daşınması planlaşdırılır.