Psixopat deyildikdə ağıla yalnız cinayətkar və ya təhlükəli insanlar gəlməməlidir. Mütəxəssislərin fikrincə, bəzi insanlar gündəlik həyatda son dərəcə cazibədar, uğurlu və etibarlı görünə, lakin psixopatik xüsusiyyətlər nümayiş etdirə bilərlər. Xüsusilə iş və şəxsi münasibətlərdə bu davranışları ilkin mərhələdə fərq etmək çətin olur.

Psixopatiya kənardan asanlıqla müəyyən edilən xüsusiyyət deyil. Belə insanlar sosial və karizmatik görünə, qarşı tərəfin etimadını tez qazana bilərlər. Lakin zaman keçdikcə manipulyasiya, empatiya çatışmazlığı və məsuliyyətdən yayınma kimi davranışlar özünü göstərə bilər.

Mütəxəssislər vurğulayırlar ki, yalnız bir neçə davranışa əsaslanaraq kimisə “psixopat” adlandırmaq düzgün deyil.

Metbuat.az xəbər verir ki, psixopatiyanın qiymətləndirilməsi xüsusi meyarlar və peşəkar müayinə tələb edir. Bununla belə, diqqət yetirilə biləcək bəzi davranışlar var.

1.⁠ ⁠İlk tanışlıqda həddindən artıq cazibədar görünürlər

Belə insanlar ilk qarşılaşmada son dərəcə səmimi, diqqətli və yardımsevər təsiri bağışlaya bilərlər. Qarşı tərəfin maraqlarını və davranışlarını tez mənimsəyərək ona uyğunlaşmaları da mümkündür. Lakin sonradan bu yaxınlığın şəxsi məqsədlər və manipulyasiya üçün istifadə edildiyi üzə çıxır.

2.⁠ ⁠Empatiya və peşmanlıq hissi zəif olur

Əsas diqqətçəkən xüsusiyyətlərdən biri başqalarının hisslərini anlamaqda və onların yaşadığı emosional təsiri nəzərə almaqda çətinlik çəkmələridir. Etdikləri hərəkət qarşı tərəfə zərər versə belə, peşmanlıq və günahkarlıq hissi göstərməyə bilərlər.

3.⁠ ⁠Özlərini olduğundan daha vacib göstərirlər

Uğurlarını, bacarıqlarını və imkanlarını şişirtmək, özlərini digərlərindən üstün göstərmək bu davranışlardan biridir. Xüsusilə iş mühitində özlərini əvəzolunmaz əməkdaş kimi təqdim edə, hətta başqalarının ideya və əməyini mənimsəyərək uğuru öz adına çıxara bilərlər.

4.⁠ ⁠Məlumatı nəzarətdə saxlamağa çalışırlar

Belə insanlar vacib məlumatları hər kəslə paylaşmır, onlardan öz məqsədləri üçün istifadə edirlər. Başqalarının şəxsi məlumatlarını və ya işlə bağlı həssas məsələləri bilmək isə onlara münasibətlərdə üstünlük qazandırır.

5.⁠ ⁠Uğur və üstünlüklərindən davamlı danışırlar

Psixopatik xüsusiyyətlərə malik insanların mütləq yüksək intellektli olması fikri doğru deyil. Lakin bəzi şəxslər sosial bacarıqlarından istifadə edərək sürətlə yüksəlməyə və başqaları üzərində təsir yaratmağa çalışırlar. Bu davranışlar xüsusilə rəqabətli iş mühitində özünü daha aydın göstərir.

6.⁠ ⁠Yalan və manipulyasiyadan istifadə edirlər

Məqsədlərinə çatmaq üçün yalan danışmaq və hadisələri öz xeyirlərinə uyğun təqdim etmək bu davranışlardan biridir. Bəzi hallarda isə “gaslighting” adlanan manipulyasiya üsulundan istifadə edərək qarşı tərəfin öz yaddaşına, qərarlarına və hadisələri düzgün qiymətləndirdiyinə şübhə etməsinə səbəb ola bilərlər.

Belə insanlarla münasibətdə nə etmək lazımdır?

Mütəxəssislər manipulyativ davranışlarla qarşılaşdıqda şəxsi sərhədləri qorumağı və mühüm razılaşmaları mümkün qədər yazılı şəkildə saxlamağı tövsiyə edirlər. Davamlı təzyiq, günahkarlıq və ya çarəsizlik hissi yaranırsa, psixoloqdan peşəkar dəstək almaq faydalıdır.

Ən vacibi isə bir neçə davranışa əsaslanaraq kiməsə “psixopat” damğası vurmamaqdır. Bu xüsusiyyətlər ayrı-ayrılıqda hər hansı psixi pozuntunun göstəricisi sayılmır. Əsas diqqət insanın konkret davranışlarına və həmin davranışların münasibətlərə təsirinə yönəldilməlidir.