İspaniyanın Zamora əyalətində yerləşən və təxminən 40 ildir tərk edilmiş vəziyyətdə olan Salto de Castro kəndi amerikalı investorların mülkiyyətinə keçib. Portuqaliya sərhədinə yaxın, Arribes del Duero Təbiət Parkının ərazisində yerləşən kənd təxminən 300-350 min avroya satılıb. Bu məbləğ Bakının mərkəzində 4 otaqlı mənzilin dəyərinə yaxın hesab olunur.
Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, Kəndi amerikalı sahibkar Ceyson Li Bekvit və ortağı satın alıb. Yeni sahiblərin əsas məqsədi uzun illərdir boş qalan yaşayış məntəqəsini tarixi görünüşünü qorumaqla ekoloji və davamlı kənd turizmi mərkəzinə çevirməkdir.
Salto de Castro yalnız bir neçə evdən ibarət boş kənd deyil. Ərazidə ümumilikdə 44 yaşayış evi, məktəb, kilsə, keçmiş polis məntəqəsi, bar və qonaq evi yerləşir. Hazırlanan layihəyə əsasən, kənddəki mövcud tikililər mərhələli şəkildə bərpa edilərək turistlərin istifadəsinə veriləcək.
Bərpa layihəsinin ilk mərhələsində kənddəki kilsənin, eləcə də otel və restoran kimi istifadəsi nəzərdə tutulan binaların yenilənməsi planlaşdırılır. Mövcud qonaq evinin isə 14 otaqlı, ümumi istirahət sahəsi və camaşırxanası olan qonaqlama obyektinə çevrilməsi nəzərdə tutulur.
Növbəti mərhələdə kənddəki 44 yaşayış evinin hamısının mərhələli şəkildə bərpa edilərək turizm məqsədilə istifadəyə verilməsi planlaşdırılır. Beləliklə, uzun illər səssizliyə qərq olmuş yaşayış məntəqəsinin yenidən insanların üz tutduğu turizm məkanına çevrilməsi hədəflənir.
Fonfria bələdiyyəsinin sədri Serxio Lopes bildirib ki, yenidənqurma işləri yerli memarlıq xüsusiyyətləri və tikinti qaydalarına uyğun aparılacaq. Bu isə kəndin tarixi görünüşünün mümkün qədər qorunmasına imkan verəcək.