Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında imzalanmış azad ticarət sazişi 6 oktyabr 2026-cı il tarixindən qüvvəyə minəcək.

Metbuat.az xəbər verir ki, bhu barədə Avrasiya İqtisadi Komissiyasının (AİK) ticarət naziri Andrey Slepnev Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, bu gün tərəflər arasında nota mübadiləsi baş tutub və bununla da sazişin ratifikasiyası və qüvvəyə minməsi üçün tələb olunan bütün daxili prosedurlar yekunlaşıb.

Slepnev qeyd edib ki, razılaşmaya əsasən, Aİİ ilə BƏƏ arasında azad ticarət sazişi 6 oktyabr 2026-cı il tarixində rəsmi olaraq qüvvəyə minəcək.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqına Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir. Azad ticarət sazişinin qüvvəyə minməsi tərəflər arasında ticarət əlaqələrinin genişlənməsinə və qarşılıqlı iqtisadi əməkdaşlığın dərinləşməsinə xidmət edəcək.