ABŞ-də fəaliyyət göstərən Rusiya səfirliyi Konqresdə Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsi təşəbbüslərini mənasız adlandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin yaydığı bəyanatda bildirilib.

Səfirlik vurğulayıb ki, Moskvaya qarşı tətbiq edilən məhdudiyyətlərin səmərəsizliyi artıq dəfələrlə praktikada öz təsdiqini tapıb. Bəyanata görə, hazırda ABŞ Konqresində müzakirə olunan yeni sanksiyalar da elan edilən məqsədlərə çatmayacaq və ilk növbədə ABŞ-ın öz iqtisadiyyatına zərər verəcək.

Rusiya diplomatik missiyası qeyd edib ki, Rusiyaya qarşı mənfi mövqedən çıxış edən konqresmenlərin təşəbbüslərinin administrasiya tərəfindən dəstəklənməsi onların effektivliyini artırmır. Səfirlik hesab edir ki, bu cür addımlar Moskvaya təzyiq göstərmək əvəzinə, Vaşinqtonun iqtisadi maraqlarına və beynəlxalq nüfuzuna mənfi təsir göstərəcək.

Xatırladaq ki, iyulun 27-də Rusiya Prezidenti Vladimir Putin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların sayına görə rekord həddə çatdığını, lakin nəticə baxımından faydasız olduğunu bəyan etmişdi. Putin Rusiyanın qarşıya qoyduğu məqsədlərə nail olacağını da vurğulamışdı.