ABŞ İranın enerji resurslarının Hörmüz boğazı vasitəsilə qeyri-qanuni daşınmasında iştirak etdiyi iddia edilən 10 şirkət və 8 gəmiyə qarşı yeni sanksiyalar tətbiq edib.
Metbuat.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) yaydığı məlumata görə, sanksiya siyahısına İran, Çin və Marşal adalarında qeydiyyatdan keçmiş şirkətlər daxil edilib. Eyni zamanda İran və Panama bayraqları altında üzən səkkiz gəmi də məhdudiyyətlərə məruz qalıb.
Bundan əlavə, Vaşinqtonun iddiasına görə, bu qurumlar İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) maraqları naminə Hörmüz boğazından keçən gəmilərdən ödənişlərin toplanmasında əsas rol oynayır.
ABŞ Maliyyə Nazirliyi bildirir ki, İranın tətbiq etdiyi mexanizmə əsasən, kommersiya gəmiləri boğazdan keçmək üçün məcburi dəniz sığortası almağa məcbur edilir və bu yolla əldə olunan vəsaitlər SEPAH-ın maliyyələşdirilməsinə xidmət edir.
OFAC qeyd edib ki, yeni sanksiyalar İranın enerji ixracından əldə etdiyi gəlirlərin və SEPAH-ın maliyyə mənbələrinin məhdudlaşdırılmasına yönəlib.