Cəmiyyətdə geniş yayılmış bir yanlış düşüncə var: Lal insanların səs telləri yoxdur və ya zədəlidir. Elmi həqiqət isə tamamilə fərqlidir, çünki anadangəlmə nitq məhdudiyyəti olan insanların böyük əksəriyyətinin səs aparatında heç bir struktur qüsuru tapılmır.

Metbuat.az xəbər verir ki, aparılan tibbi araşdırmalara görə, bu problemin kökündə səs telləri deyil, çox vaxt tam eşitmə qüsuru dayanır. İnsan dil açmaq və sözləri tələffüz etmək üçün ilk növbədə ətrafındakı səsləri eşitməlidir; körpə eşitdiyi səsləri təbii şəkildə təqlid edərək danışmağı öyrənir. Əgər bir uşaq ana bətnində və ya doğulanda tamamilə kar doğulursa, o, səsin mahiyyətini qavraya bilmir və təbii olaraq danışmaq qabiliyyətini inkişaf etdirə bilmir. Tibbdə surdomutizm adlanan bu zəncirvari vəziyyət, əslində qulaq və beyin arasındakı əlaqənin qopuqluğundan qaynaqlanır.

Bu bioloji problemin yaranmasında genetik faktorlar, xüsusilə ölkəmizdə hələ də ciddi fəsadlara yol açan qohum evlilikləri böyük rol oynayır. Gizli qüsurlu genlərin birləşməsi daxili qulağın inkişafını ana bətnindəykən dayandırır və körpə dünyaya tamamilə səssiz bir mühitdə göz açır. Bununla yanaşı, hamiləliyin ilk aylarında ananın keçirdiyi məxmərək və ya sitomeqalovirus kimi infeksiyalar, eləcə də doğuş zamanı körpənin beyninin oksigensiz qalması birbaşa beyindəki nitq mərkəzlərini sıradan çıxara bilir.

Müasir tibb vurğulayır ki, bu uşaqların cəmiyyətə qazandırılması və nitq dərslərinə adaptasiyası üçün ilk aylarda edilən vaxtında müdaxilə və eşitmə cihazları həyati əhəmiyyət kəsb edir. Yəni lal doğulan insanların dünyasını dəyişmək erkən diaqnostikadan keçir.