Futbol dünyasının gözü və qulağı artıq Şimali Amerikadadır. İlk dəfə olaraq 48 komandanın iştirakı ilə keçiriləcək bu nəhəng turnir həm formatı, həm də coğrafiyası ilə futbol tarixinə tamamilə yeni bir səhifə yazmağa hazırlaşır. Milyonlarla insanı ekran başına kilidləyəcək bu böyük marafon təkcə oyunları ilə deyil, yaratdığı unikal atmosferlə də indidən idman gündəminin zirvəsinə yerləşib.

Metbuat.az xəbər verir ki, region futbolsevərləri üçün bu turniri xüsusi və həyəcanlı edən ən böyük amil isə heç şübhəsiz, Türkiyə milli komandasının uzun illərdən sonra yenidən bu səhnədə yer almasıdır. Ay-ulduzlular düz 24 illik böyük bir fasilədən, yəni unudulmaz 2002-ci il uğurundan sonra yenidən Dünya Kubokunda mübarizə aparmaq hüququ qazanıblar. Bu rəqəmsal və idman həsrətinin bitməsi meydandakı mübarizəyə marağı on qat artırır. Türkiyə turnirdəki ilk sınağına iyunun 14-də, Avstraliya qarşılaşması ilə çıxacaq və hamı böyük bir maraqla bu “türk rüzgarı”nın okeanın o tayında necə əsəcəyini gözləyir. Vincenço Montellanın rəhbərlik etdiyi gənc və iddialı heyətin həm taktiki hazırlığı, həm də daxili motivasiyası dörddəbir və daha irəli mərhələlər üçün ümidləri xeyli artırır.

Təbii ki, dünya nəhəngləri də Amerikaya sadəcə iştirak üçün yollanmırlar. Turnirin əsas favoritləri qismində yenə də son çempion Argentina, heyət zənginliyi ilə göz qamaşdıran Fransa, gənc ulduzları ilə yeni bir era başladan Braziliya və son Avropa çempionatında fırtına qoparan İspaniya göstərilir. Ekspertlər bu il sürpriz komandaların da ciddi söz sahibi olacağını proqnozlaşdırırlar, çünki 48 komandalı yeni sistem zəif qəbul edilən kollektivlərə də böyük motivasiya və şans tanıyır.

Bu möhtəşəm turnirin bizim coğrafiyadakı azarkeşlər üçün fərqli bir çətinliyi və eyni zamanda maraqlı tərəfi isə zaman fərqidir. Şimali Amerika ilə aradakı saat qurşağı fərqi səbəbindən qarşılaşmaların böyük hissəsi bizim yerli vaxtla gecə yarısına və sabaha qarşı olan saatlara təsadüf edəcək. İyun ayı boyunca yuxusuz gecələr, gərgin saniyələr və böyük futbol bayramı bizi gözləyir.

Nazim Hüseynzadə / Metbuat.az