Sağlam bəslənmə və sürətli arıqlama trendlərinin əvəzolunmaz hissəsinə çevrilən çia və kətan toxumu demək olar ki, hər pəhriz siyahısında yer alır. Uzun müddət tox tutma xüsusiyyətləri, yüksək lifli tərkibləri və zəngin qida dəyərləri ilə məşhurlaşan bu faydalı qidalar bəzən böyük təhlükə mənbəyinə çevrilə bilir.
Metbuat.az xəbər verir ki, mütəxəssislər bu toxumları böyük miqdarda qəbul edənlərə xəbərdarlıq ediblər. Bildiriblər ki, yanlış hazırlanan çia və kətan toxumları bədənə fayda vermək əvəzinə, həzm sistemində ciddi fəsadlar yaradır və hətta boğulma riski doğurur.
Bu təhlükənin əsas səbəbi xüsusilə çia toxumunun maye ilə təmas etdiyi an öz çəkisindən düz 12 dəfə çox su çəkərək gel konsistensiyası almasıdır. Arıqlamaq istəyən bir çox insan bu toxumları quru şəkildə udub arxasınca su içir ki, toxumlar mədədə şişsin və toxluq hissi yaratsın.
Mütəxəssislərin fikrincə, ən böyük səhv məhz budur. Quru yeyilən çia toxumları hələ mədəyə çatmamış qida borusundakı tüpürcək və mayeni sürətlə əmərək elə oradaca şişməyə başlayır. Nəticədə qida borusu tamamilə tıxana bilir və bu da insanın nəfəs almasını çətinləşdirərək boğulma təhlükəsi yaradır. Eyni şəkildə kətan toxumunun da düzgün üyüdülmədən və ya isladılmadan qəbulu həzm orqanlarını həddindən artıq yorur. Sağlam qalmaq və arıqlamaq üçün bu növ qidaları mütləq əvvəlcədən mayedə saxlayıb şişməsini gözlədikdən sonra və ölçülü şəkildə istehlak etmək lazımdır.