Gənc və gözəl görünmək hər bir qadının arzusudur. Lakin bəzən yaşdan daha çox həyat şəraiti, gündəlik qayğılar və psixoloji gərginlik insanın görünüşünə təsir edir.
Metbuat.az xəbər verir ki, mütəxəssislər bu məsələni araşdırıb. Məlum olub ki, qadınların vaxtından əvvəl qocalmasının əsas səbəbləri arasında stress, mənəvi-psixoloji təzyiqlər və sosial problemlər xüsusi yer tutur.
Daimi narahatlıq, ailədaxili münaqişələr, maddi çətinliklər və gələcəklə bağlı qeyri-müəyyənlik orqanizmdə stress hormonlarının artmasına səbəb olur. Bu isə dərinin elastikliyinin azalmasına, yorğun görünüşə və erkən qırışların yaranmasına gətirib çıxarır. Xüsusilə həm iş, həm də ailə məsuliyyətini eyni anda daşıyan qadınlar daha çox emosional yüklənməyə məruz qalırlar.
Psixoloq Vüsalə Rüstəmin fikrincə, insanın daxili dünyası ilə zahiri görünüşü arasında birbaşa əlaqə var. Onun sözlərinə görə, uzunmüddətli stress və mənfi emosiyalar təkcə psixoloji vəziyyətə deyil, fiziki sağlamlığa da mənfi təsir göstərir:

Fotoda: psixoloq Vüsalə Rüstəm
“Özünü daim problemlərin mərkəzində görən, hər hadisəyə həddindən artıq reaksiya verən və tez-tez gileylənən insanlar daha tez yorulur və bu vəziyyət zamanla üz cizgilərində də özünü göstərir. İstər qadın, istər kişi orqanizmi gün boyu hormonal və emosional yöndə mənfiyə doğru davamlı qıcıq altda qalır. Stressdən xilas olmağın yollarını tapmalıyıq. Qaranlığa və yorğunluğa qərq olmuş düşüncələrimizi ancaq sevdiyimiz insanlar yox edə bilir. Qocalıq və yorğunluq orqanizmin bioloji halı olsa da, sağlam yaşamaq öz əlimizdədir. Mənfi düşüncələri, yorğunluğu neytrallaşdırmaq orqanizmi bütün sıxıntılardan və xəstəliklərdən xilas edir. İnsanlar, xüsusilə, qadınlar gənc qalmaq, həmişə gözəl və təravətli görünmək istəyirlərsə, sağlam qidalanmalı, yuxu rejiminə riayət etməli, fiziki aktivlik və mənəvi rahatlığa daha çox diqqət ayırmalıdırlar. Çünki gəncliyi qorumağın ən təsirli yollarından biri də daxili rahatlığı və həyat balansını saxlamaqdır”.
Səbinə Hüseynzadə / Metbuat.az