Azərbaycan dövləti ölkədə ailənin müdafiəsini təmin edən güclü hüquqi baza formalaşdırıb. Müvafiq qanunlar, normativ hüquqi aktlar və dövlət proqramları həm bütövlükdə ailəni, həm də onun komponentlərini ayrı-ayrılıqda qoruyur. Anaların, uşaqların hüquqlarını təmin edən xüsusi qanunlar, ailədaxili münasibətləri tənzimləyən normativ hüquqi aktlar mövcuddur.
“Sağlam ailə sağlam nəsil, sağlam millət və sağlam gələcək deməkdir” şüarını irəli sürən Ulu Öndər Heydər Əliyev özünün prezidentliyi dönəmində ailə dəyərlərinin qorunub inkişaf etdirilməsi üçün zəruri addımlar atıb. Azərbaycan Konstitusiyasının müəllifi olan Heydər Əliyev buraya ailənin qorunması, ailə üzvlərinin vəzifə və hüquqlarının müəyyənləşdirilməsi üçün xüsusi maddələrin daxil edilməsinə nail olub. Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə ailə institutunun qorunmasına təmiat verən əsas hüquqi mənbədir. Konstitusiyanın 17-ci maddəsi ailəni dövlətin himayəsində olan sosial institut kimi təsbit edir. Bu bənd ailənin rifahını artırmaq və davamlılığını təmin etmək sahəsində dövlətin məsuliyyətini müəyyənləşdirir ( https://e-qanun.az/framework/897 ).
Ulu Öndərin imzası ilə qüvvəyə minmiş “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun da bu sahəyə aid olan baza sənədlərin sırasında yer tutur. Bu qanun Azərbaycan dövlətinin ailə, uşaq və qadın sağlamlığının qorunması sahəsində əsas funksiyalarını ehtiva edir (https://e-qanun.az/framework/4078).
Qanun sonradan təkmilləşdirilərək, yeni dövrün tələblərinə uyğunlaşdırılıb. Həmçinin, onun bəzi istiqamətləri üzrə əlahiddə sənədlər qəbul edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2014-cü ildə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair (2014-2020-ci illər üçün) Dövlət Proqramı” qüvvəyə minib (https://president.az/az/articles/view/12048) .
1999-cu ildə qəbul edilmiş və 2024-cü ildə yenilənmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsi ailə münasibətlərinin hüquqi tənzimlənməsini kompleks şəkildə əhadə edən hüquqi sənəddir. Məcəllə ailə münasibətlərinin hüquqi əsaslarını formalaşdırmaqla yanaşı, onun etik və mənəvi çərçivələrini də müəyyənləşdirir. 2024-cü ildə Məcəlləyə edilmiş əlavə və dəyişikliklər, xüsusilə nikahın təşkili, boşanma prosesi, uşaqların hüquqlarının müdafiəsi, həmçinin, ailədaxili məsuliyyətlərin paylanması ilə bağlı normalar bu mövzuda hüquqi mexanizmlərin gücləndirilməsinə şərait yaradır.
Məcəllənin 1-ci maddəsində ailənin dövlətin himayəsində olduğu elan edilir. 3-cü maddə isə ailənin qarşılıqlı hörmət, sevgi, vətənə sədaqət və zərərli adətlərin aradan qaldırılması prinsipləri üzərində qurulmasını ehtiva edir.
Bu sənəd nikahın bağlanması və pozulması, valideyin məsuliyyəti, aliment öhdəlikləri və ailədaxili münasibətlərdə digər hüquqi çərçivələri müəyyən edir. Bir sözlə, Məcəllə ailə institunun tənzimlənməsini, ailədaxili münasibətlərin hüquqi sərhədlərini kompleks şəkildə əhatə edir, cəmiyyətin rifahına və sosial nizamın möhkəmlənməsinə töhfə verir.
“Uşaq Hüquqları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Gender bərabərliyinin təminatları haqqında” qanunlar da ailə institunun hüquqi müstəvidə müdafiəsinə xidmət edən əsas normativ aktlardır.
Uşaqların və anaların hüquqlarının qorunması
Azərbaycan Respublikasında “Uşaq hüquqları haqqında” Qanun uşaqların cəmiyyətdə bərabərhüquqlu fərd kimi yetişdirilməsinə xidmət edir. Qanunda uşaqların ailə mühitində tərbiyə olunması, zorakılıqdan və istismardan qorunması, təhsil və səhiyyə xidmətlərindən yararlanması dövlətin təminatı kimi göstərilir.
Bundan başqa, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun da anaların və körpələrin sağlamlığını prioritet istiqamət kimi müəyyən edir. O, ana və körpələrin sağlamlığını təmin etmək üçün profilaktik tədbirləri qabardır. Xüsusən də doğuşöncəsi və doğuşdan sonrakı tibbi xidmətlərin keyfiyyətinin artırılmasına təminat verir.
Məişət zorakılığı ilə mübarizə
Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun da dolayısı ilə ailə münasibətlərini əhatə edir. Ailə mühitində zorakılıq hallarına qarşı sistemli və hüquqi mübarizə aparılmasına zəmin yaradır ( https://e-qanun.az/framework/20131).
Qanun zorakılıq hallarının yolverilməzliyi üzrə xəbərdarlıq mexanizmlərini, müvəqqəti müdafiə tədbirlərini və reabilitasiya proqramlarını nəzərdə tutur. Bu istiqamətdə hüquq-mühafizə orqanlarının, məhkəmələrin və sosial xidmətlərin koordinasiyalı fəaliyyətini əsas götürür.
2021-ci ildə bu qanuna edilən dəyişikliklərlə zərərçəkmiş şəxslərin hüquqları daha geniş şəkildə tanınmış və müdafiə mexanizmləri gücləndirilmişdir. Zorakılıq hallarında erkən müdaxilə və hüquqi yardım imkanları genişləndirilmişdir.
“Analıq və uşaqların sağlamlığı üzrə Dövlət Proqramı”, həmçinin, “Azərbaycan Respublikasında gender bərabərliyinin təmin olunması haqqında” Qanun da ailə daxilində zorakılığın aradan qaldırılmasını və ailədaxili harmoniyanın bərqərar edilməsini hədəfləyir.
Vəkil Ceyhun Cəfərov bizimlə söhbətində bildirib ki, ailənin formalaşması və idarə olunmasıbir tərəfdən milli-mənəvi dəyərlərə söykənirsə, digər tərəfdən də rəsmi qanunlar əsaslanır: “Ailə dövlətin kiçik modelidirsə, burada hüquqlar qanunla təsbit edilməlidir, normativ aktlara əməl olunmalıdır. Amma əsas məqam budur ki, ailədə qarşılıqlı hörmət olmalıdır. Ər və arvad öz sosial rolunu yerinə yetirməyi bacarmalıdır. Eyni zamanda, hadisələrə, faktlara yanaşmada birgəlik nümayiş etdirmək mütləqdir”.
Vəkil hesab edir ki, ailə problemlərinin həll olunmasında inzibati-hüquqi tənzimləmədən daha çox mənəvi amillər, psixoloji elementlər rol oynaya bilir: “Əsas məsələkönüllülüklə bağlıdır. Nikaha məcburetmə olmadığı kimi, heç kəs də məcburən nikahda saxlanıla bilməz. Bu mənada qanunvericiliyin təkmilləşdirilməsindən daha çox, ailə institunun cəmiyətdəki rolu barədə maarifləndirmə işlərinin aparılmasına ehtiyac vardır. Qanunlarla yanaşı, şüurları yeniləmək lazımdır. Çünki qanunlar kifayət qədər uzun təkamül yolu keçib. Ailə qanunvericiliyinin qədim tarixi var. Bu gün də Azərbaycanın ailə münasibətlərini tənzimləyən qanunlar ən yüksək səviyyədədir”.
Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. Media təmsilçilərində Modern ailə dəyərlərinin təşviq edilməsində jurnalistlərin rolunun artırılması mövzusunda təsəvvür formalaşdırmaq məqsədi daşıyır.
Fəaliyyət Azərbaycan Jurnalistlrinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan “Ənənəvi dəyərlərin mediada təşviqi" adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Proqram çərçivəsində ümumilikdə 14 məqalənin dərc edilməsi nəzərdə tutulub.
AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ
Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.