Sosial şəbəkə platformalarının sürətlə inkişafı insan həyatının bütün sahələrinə, o cümlədən, ailə institutuna da ciddi təsir göstərir. İlkin mərhələdə yalnız şəxsi fikir paylaşımı platforması kimi istifadə olunan sosial şəbəkələr bu gün fərdi münasibətləri, sosial davranış formalarını və ailədaxili əlaqələri ciddi şəkildə dəyişdirir. Təəssüf ki, bu dəyişikliklərin bir çoxu ailə münasibətlərində neqativ nəticələr doğurur.
Ekspertlər qeyd edirlər ki, “sosial şəbəkə” məfhumu ailə institutuna bir deyil, bir neçə istiqamətdə neqativ təsirlər göstərir. İlk olaraq, klassik ailə modeli üçün vacib olan qarşılıqlı etibarı, ünsiyyəti, emosional dəstəyi zəiflədir. Sosial şəbəkələrin gündəlik həyatımıza daxil olması zamanla formalaşan ailə bağlarını, ənənəvi dəyərləri sarsıdır. Ailə üzvləri bir-birilə deyil, daha çox virtual məkanda vaxt keçirirlər. Telefon və planşet ekranlarına olan asılılıq real ünsiyyətin yerini alır. Bu isə ailədaxili emosional bağların zəifləməsinə səbəb olur. Ailə üzvlərinin birgə vaxt keçirmə ənənəsini itirməsi və bir-birindən uzaqlaşması problemlərə yol açır. Real söhbətlər, həyat təcrübələrinin bölüşülməsi, təlim-tərbiyə işi kimi vacib məsələlər sosial şəbəkələrin kölgəsində qalır. Bu isə zamanla ailə üzvləri arasında yadlaşma və anlaşılmazlıq hissi doğurur.
Mütəxəssislərin fikrincə, sosial şəbəkələrdə tez-tez paylaşılan “ideal ailə təsvirləri” də insan psixologiyasında bəzən mənfi izlər buraxır. Filtrlərlə, montajlarla süni şəkildə hazırlanmış “xoşbəxt ailə” fotoları real ailə həyatının çətinliklərini ört-basdır edir. İnsanlar öz ailə həyatlarını bu "ideallarla" müqayisə edərək narazılıq hissi keçirirlər. Həmin “ideal ailə” illuziyalarına çatmaq üçün göstərilən çabalar isə əksər ailələrdə münasibətlərə mənfi təsir göstərir. Nəzərə almaq lazımdır ki, “sosial şəbəkələrdə nümayiş etdirilən “ideal ailə təsvirləri”ndən fərqli olaraq, real həyatda hər bir ailənin öz dinamikası, problemləri və bu problemlərin özəl həlli yolları vardır.
Sosial şəbəkələrin ailə institutuna digər təhlükəli təsiri isə “virtual dostlarla ünsiyyətin” real ailə üzvləri tərəfindən birmənalı qarşılanmamasıdır. Bu cür “dostluq əlaqələri” ilk baxışda zərərsiz görünsə də, zamanla emosional problemlərə yol açır, ailə üzvləri arasında etimadsızlıq mühiti yaradır. Tərəfdaşların bir-birindən şübhələnməsi, hesabların gizlədilməsi etimad böhranına səbəb olur. Etibarın sarsıldığı ailələrdə münasibətləri yenidən bərpa etmək çətinləşir.
Ailə həyatına dair şəxsi detalların sosial mediada paylaşılması, şəxsi problemlərin və ailədaxili narazılıqların ictimailəşdirilməsi ailənin mübhəmlərini zədələyir. Ailə sirrinin qorunmaması münasibətlərdə hörmətin azalmasına, digər ailə üzvlərinin narazılığına və cəmiyyət qarşısında reputasiya problemlərinə yol aça bilir. Bəzi hallarda bu paylaşımlar ailə münaqişələrinin daha da dərinləşməsinə, hətta ayrılıqlara gətirib çıxarır.
Mətbuat Şurasının “Sosial şəbəkələrlə iş komissiyası”nın sədri, “Azxeber.com” informasiya portalının baş redaktoru Hacıbəy Heydərli bizimlə söhbətində bildirdi ki, sosial şəbəkələrin ailə instututna təsirləri yalnız neqativ tonda deyil: “Sosial şəbəkələr bu gün mühüm informasiya paylaşımı platforması, kommunikasiya vasitəsi rolunda çıxış edirlər. Ailələr bu platformalar vasitəsilə zəruri olan informasiyaları əldə edib, məlumatlanırlar. Həmçinin, bəzən real olaraq zorakılığa məruz qalan, yaxud, hər hansı digər formalı bir problemə düşən, amma çıxış yolu tapa bilməyən ailələrin, ailə üzvlərinin səslərini biz sosial şəbəkə hesabları üzərindən eşidirik. Problemlərin ictimailəşdirilməsi bu problemlərin həlli yollarının axtarılması üçün vasitəyə çevrilir”.
Hacıbəy Heydərlinin fikrincə, sosial şəbəkələr düzgün, balanslı istifadə edilmədikdə həm fərdi qaydada insanlara, həm də bütövlükdə ailələrə zərər vura bilirlər: “Ailə münasibətlərinin qorunması üçün sosial şəbəkələrdən istifadənin düzgün idarə olunması, ailədaxili ünsiyyətin təşviq edilməsi, şəxsi sərhədlərin qorunması və virtual münasibətlərə nəzarət edilməsi vacibdir. Eyni zamanda, uşaqlarla bağlı sosial media siyasəti formalaşdırılmalı, onların onlayn fəaliyyətləri ilə bağlı maarifləndirmə işləri aparılmalıdır. Nəzərə almaq lazımdır ki, uşaqlar və yeniyetmələr sosial şəbəkələrin təsirinə məruz qalan ən hassas zümrədirlər. Sosial mediada yayılan qeyri-sağlam davranış modelləri, yaşa uyğun olmayan məzmunlar uşaqlarda həm psixoloji, həm də əxlaqi problemlərə yol aça bilər. Ailələrin nəzarət və tərbiyə rolu zəiflədikcə, uşaqlar daha çox sosial şəbəkələrdəki personajlara və təsadüfi tanışlara yönəlirlər. Bu baxımdan, ailə başçıları, valideynlər uşaqlarla daha çox canlı ünsiyyət qurmağa çalışmalı, bu yolla onları şəbəkələrin neqativ təsirlərindən qorumalıdırlar”.
Nəticə olaraq qeyd edək ki, texnologiyanın və sosial şəbəkələrin imkanlarından faydalanmaq müasir həyatın bir hissəsinə çevrilib. Lakin bu imkanlardan istifadə edərkən ailə dəyərlərini qorumaq, qarşılıqlı hörmət və anlaşmanı ön planda saxlamaq hər bir fərdin və ailənin məsuliyyətidir. Ailə institutunun möhkəm qalması üçün yalnız real həyatda deyil, virtual məkanda da düzgün davranış modelləri tətbiq olunmalıdır.
Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. Media təmsilçilərində Modern ailə dəyərlərinin təşviq edilməsində jurnalistlərin rolunun artırılması mövzusunda təsəvvür formalaşdırmaq məqsədi daşıyır.
Fəaliyyət Azərbaycan Jurnalistlrinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan “Ənənəvi dəyərlərin mediada təşviqi" adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Proqram çərçivəsində ümumilikdə 14 məqalənin dərc edilməsi nəzərdə tutulub.
AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ
Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.