Müasir cəmiyyətlərdə sosial dəyişikliklərin təşviq edilməsi baxımından media mühüm rola malikdir. Ailə modelinin modernləşdirilməsi yönündə geniş məlumatlandırma və maarifləndirmə işinin aparılması da böyük mənada peşəkar mediaya bağlıdır.

Birləşmiş Millətlər Təşkilatının “Qadınlara dair 4-cü Dünya Konfransı” (Pekin, 1995) qadınların fundamental hüquq və azadlıqlarının müdafiəsi, həmçinin, onların iştirak etdikləri platformaların nkişaf etdirilməsi üçün medianın potensial rolunu vurğulayır. UNESCO isə 2012-ci ildə dərc etdiyi “Media üçün gender əsaslı göstəricilər”də (GSIM) qadınların iştirakıçı olduqları platforma və proseslərə yanaşmada medianın həssas davranmalı olduğu məqamları konkretləşdirir. Hər iki sənəddə qeyd edilən prinsiplər ailə institutuna da şamil edilir.

BMT ilə yanaşı digər beynəlxalq təşkilatların derektivlərində bənzər yanaşma əks olunur. Xüsusilə, Avropa Şurasının qəbul etdiyi sənədlərdə medianın ailə, uşaq, qadın problemlərinin həlli sahəsində, gender bərabərliyi mövzusunda, məişət zorakılığına qarşı mübarizə tədbirlərində əvəzsiz rolu vurğulanır.

Bununla yanaşı, həmin sənədlərdə medianın bu mövzular üzrə yarada biləcəyi problemlər barədə bilgilər də əks olunur. Beynəlxalq təşkilatların hesabatlarında xəbərdarlıq olunur ki, media subyektləri ailə, uşaq, qadın problemlərindən yazarkən, məişət zorakılığı məsələlərinə yanaşarkən,sensasiya yaratmaq, auditoriya qazanmaq məqsədi dalınca qaçmamalı, etik çərçivələri aşmamalıdır. Avropa Şurası Nazirlər Komitəsinin “Kütləvi informasiya vasitələrinin yeni anlayışına dair 7 saylı tövsiyə”si bu problemlərə daha həssas yanaşmanı önə çəkir: “Media materiallarını hazırlayan və yayan şəxslər ailə məsələlərinə, qadın problemlərinə, gender bərabərliyi mövzusuna toxunarkən, bu sahədə stereotiplərlə mübarizəyə yönəlmiş təşəbbüsləri dəstəkləməlidirlər”.

Təəssüf ki, bu prinsiplərin media müstəvisində intensiv şəkildə pozulması halları müşahidə edilir. Mətbuat Şurası İdarə Heyətinin üzvü, Media eksperti Müşfiq Ələsgərli açıqlamasında bildirib ki, əksər televiziya kanallarında “sosial layihə” adı altında yayımlanan proqramlar zaman-zaman ailədaxili münaqişələri, xəyanət hekayələrini və digər bu kimi halları qabarıq şəkildə təqdim etməklə, ailə institutuna zərbə vururlar ( https://report.az/sosial-mudafie/ailedaxili-munaqiseler-xeyanet-hekayeleri-aile-deyerini-reytinqe-qurban-vermek-olarmi-arasdirma/).

MŞ təmsilçisi bildirib ki, yaşadığımız dövrdə ailə institutunun dağılması istiqamətində ciddi proseslər gedir: “Bu, qlobal bir problemdir və Azərbaycandan da yan keçməyib. Düzdür, başqa dövlətlərin statistik göstəriciləri ilə müqayisədə Azərbaycandakı durum nisbətən yaxşı görünür. Amma bu, nisbi göstəricidir. Reallıq budur ki, bizim ölkəmizdə də ailə institutunun dağılmasına yönəlik proseslər mövcuddur. Son statistikaya görə, 2023-cü ildə boşanmaların sayı 35,7% artıb. Deməli, bir tərəfdən yeni ailələrin qurulması faktı kəmiyyətcə azalır, digər tərəfdən isə dağılan ailələrin kəmiyyəti artır. İndiki templə davam edərsə, növbəti illərdə mövcud ailələrin sayı minimuma enəcək. Hansı ki, bəşəriyyət hələ ailə institutunu əvəz edə biləcəkyeni effektivbir modeli tapmayıb”.

Media ekspertinin fikrincə, ailə institutunun deqredasiyaya uğramasını stimullaşdıran səbəblər sırasında media, informasiya işi, sosial şəbəkə amili də ön sırada dayanır: “Nəzəri fikir belədir ki, media müstəvisində düzgün maarifləndirmə və məlumatlandırma işi qurmaqla, ailə institutunun möhkəmlənməsi, qorunub saxlanılması prosesinə töhvə vermək mümkündür. Amma yaşadığımız dövrdə bunun əksi baş verir. Media strukturlarının gündəlik informasiya siyasətinə diqqət yetirsək görərik ki, onlar ailə institunun qorunub saxlanılmasına deyil, dağıdılıb məhv edilməsinə yönəlik fəaliyyət sərgiləyirlər. Bu hal xüsusilə audiovizual media müstəvisində, televiziyaların şou proqramlarında, həmçinin, “İP toplamaq” yarışına girişmiş xəbər portallarının səhifələrindəözünü göstərir. Cəmiyyət üzvləri haqlı olaraq TV-lərdə təşkil olunan və ailə-məişət mövzularına, daha dəqiq desək, məişət mübahisələrinə həsr edilmiş şou proqramlara etiraz edirlər, onların bağlanılmasını tələb edirlər. Bu cür proqramlar həya, abır, ismət hissini zədələyir, ailə institutuna xələl gətirir”.

Böyük Britaniyada fəaliyyət göstərən “Sıfır tolerantlıq” təşkilatı (Zero Tolerance) ailədaxili ziddiyyətlərdən əziyyət çəkən, məişət zorakılığına məruz qalan insanlar barəsində məlumat hazırlamağın şərtlərini əks etdirən kodeks hazırlayıb. “Qadınlara və qızlara qarşı zorakılıqlar barədə reportaj hazırlamağın 10 şərti: məsuliyyətlilik və dəqiqlik” adlandırılan Kodeksin preambula hissəsində qeyd edilir ki, jurnalistlər bu cür mövzuları sensasiya yaratmaq üçün şans kimi istifadə etməməlidirlər ( https://www.zerotolerance.org.uk/resources/Media-Guidelines-on-Violence-Against-Women.pdf ).

“Ailədaxili ziddiyyətlər, məişət zorakılığı haqqında məlumatı elə hazırlayın ki, onların ləyaqət hissi aşığalamasın. Mövzunu sensassiyaya çevirib sui-istifadə etməyin: məsələni həddindən artıq dramatikləşdirməyin”.

Media nəzəriyyələrində qeyd olunur ki, jurnalistlər ailə-məişət mövzusundan necə yazmalı olduqlarını, hansı məqamlara həssas yanaşmaq tələb edildiyini bilməlidirlər. Bu yöndə bilgiləri əldə edərək, öz fəaliyyətlərində tətbiq etməlidirlər. Təcrübə göstərir ki, bu yöndə fəaliyyət qənaətbəxş səviyyədə deyil.

Məqalə Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi tərəfindən hazırlanıb.

Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. Media təmsilçilərində Modern ailə dəyərlərinin təşviq edilməsində jurnalistlərin rolunun artırılması mövzusunda təsəvvür formalaşdırmaq məqsədi daşıyır.

Fəaliyyət Azərbaycan Jurnalistlrinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan “Ənənəvi dəyərlərin mediada təşviqi" adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 14 məqalənin dərc edilməsi nəzərdə tutulub.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.