Ailəyalnız bioloji bağlarla birləşən insanlar toplusu deyil, həm də sosial, mənəvi və hüquqi dəyərlərlə əhatə olunan bir platformadır. Bu mənada ailənin qorunub saxlanılması və möhkəmliyi təkcə ailə üzvlərinin daxili münasibətlərindən asılı qalmır, həm də cəmiyyətin digər komponentlərindən təsirlənir. Xüsusilə, təhsil müəssisələrinin fəaliyyəti ilə sıx şəkildə bağlanır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Bakı Dövlət Universiteti (BDU) iləbirgə təşkil etdiyi “Ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfransın sənədlərində qeyd edilir ki, məktəblər, liseylər, universitetlər, tədris ocaqları bir tərəfdən gənc nəslin bilik və bacarıqlar qazanmasına xidmət edirlər, digər tərəfdən isə ailə institutunun möhkəmlənməsinə töhfə verirlər ( https://report.az/daxili-siyaset/enenevi-deyerlerin-ve-aile-institutunun-qorunmasinda-tehsilin-roluna-hesr-olunan-konfrans-kecirilib/).
Təhsil müəssisələri ailə ilə məktəb arasında körpü rolunu oynayır. Uşağın ilk ictimai münasibətlərə girdiyi mühit məktəb olur. Burada fənn bilikləri ilə yanaşı sosial davranış qaydaları, vətəndaşlıq məsuliyyəti və ailə dəyərləri də öyrədilir. Müəllimlər şagirdlərin həm intellektual səviyyəsini, həm də əxlaqi dəyərlərə bağlılıqlarını inkişaf etdirmək üçün səy göstərirlər. Bu isə onların gələcəkdə sağlam ailə münasibətləri qurmasına zəmin yaradır. Ailəyə hörmət, məsuliyyət hissi, anlayış göstərmək kimi davranış modelləri əslində məktəbdə təməli qoyulan tərbiyə mexanizmlərinin nəticəsidir ( https://azertag.az/xeber/sefir_aile_deyerlerimizin_qorunmasi_strateji_meseledir-3570299)
Təhsil müəssisələri valideynlərlə əməkdaşlıq edərək, ailədaxili münasibətlərin güclənməsinə yardım edə bilirlər. Bu, xüsusilə məktəb yaşlı uşaqlarda daha qabarıq görünür. Valideyn toplantıları, maarifləndirici seminarlar, ailə psixoloqları ilə keçirilən görüşlər, pedaqoji məsləhətlər valideynləri həm övlad tərbiyəsində, həm də ailədaxili münasibətlərin düzgün formalaşmasında istiqamətləndirə bilər. Bu mənada, müasir təhsil sistemi təkcə uşağı deyil, ailəni də tərbiyə prosesinə cəlb edən bir modelə çevrilir.
Təhsil müəssisələrində ailə dəyərlərinə dair xüsusi dərs və tədbirlərin keçirilməsi də olduqca önəmlidir. “Ailə dəyərləri”, “Valideyn məsuliyyəti”, “Əxlaq və tərbiyə” kimi mövzuların dərslərdə və ya sinifdənkənar tədbirlərdə müzakirə olunması şagirdlərin ailə haqqında düşüncələrinin formalaşmasına və məsuliyyət hissinin inkişafına səbəb olur. Həmçinin, məktəb psixoloqları və sosial işçilərin fəaliyyəti ailə-məktəb əlaqələrini daha da gücləndirə bilir.
Ali təhsil müəssisələri də bu prosesin ayrılmaz hissəsidir. Gənclərin ailə həyatı qurmağa hazırlaşdığı yaş dövründə universitetlərin həyata keçirdiyi maarifləndirmə proqramları onların ailə həyatına daha hazırlıqlı, yetkin şəkildə daxil olmasına şərait yaradır. Sosial elmlər, psixologiya, hüquq və pedaqogika sahələrində aparılan tədqiqatlar, tələbələr üçün təşkil olunan seminarlar, açıq dərslər ailə anlayışını dərinləşdirir. Beləliklə, təhsilli və şüurlu ailə başçıları yetişir.
Təhsil müəssisələrinin mühüm rolu həm də gender bərabərliyi, ailədaxili zorakılığın qarşısının alınması və sağlam ailə münasibətlərinin təşviqi sahəsində özünü göstərir. Bu mövzularda şagird və tələbələr arasında maarifləndirmə aparılması, hüquqi biliklərin tədrisi və ictimai məsuliyyət hissinin aşılanması ailə institutunun möhkəmlənməsi üçün əsas şərtlərdəndir. Gənclərə ailə həyatının yalnız romantik deyil, eyni zamanda sosial və hüquqi məsuliyyət tələb edən bir institut olduğu izah edilməlidir.
Təhsil müəssisələri ailə ilə cəmiyyət arasında əlaqə rolunu oynayır. Uşaqlar məktəbdə öyrəndiklərini evdə tətbiq etdikcə, ailə də bir növ öyrənmə prosesinə daxil olur. Belə qarşılıqlı təsir nəticəsində ailə içindəki münasibətlər, valideyn-övlad əlaqələri daha sağlam və anlaşmalı olur. Bu baxımdan təhsil sisteminin ailəni sadəcə informasiya alıcısı kimi deyil, tərbiyə prosesinin fəal iştirakçısı kimi qəbul etməsi olduqca vacibdir.
Milli Məclisin deputatı Kamilə Əliyeva bizimlə söhbətində bildirdi ki, Azərbaycanda mövcud olan ailə institutu xalqımıza öz əcdadlarından miras qalmış ən qiymətli dəyərlərdən biridir: “Dünyada azərbaycanlılar qədər ailəsinə bağlı olan, ailə dəyərlərini qoruyub saxlayan çox az xalqalr var. Vətənə, dövlətə, torpağa olan sevginin təməlində də məhz ailənin mühüm rolu dayanır. Ailədə və məktəbdə verilən tərbiyənin nəticəsində gənclərimiz böyük qəhrəmanlıqlar göstəriblər. Onların ailəyə olan bağlılığı, vətən sevgisi nəticəsində torpaqlarımız işğaldan azad edildi”.
Millət vəkili hesab edir ki, Prezident İlham Əliyevin ailə-vətən tandem barədə dediyi şüar-“gənclərimiz ailədə və məktəbdə vətənə, dövlətə, ailəyə sevgi ruhunda tərbiyə olunmalıdırlar-ideyası daim actual saxlanılmalı, təcrübədə tətbiq edilməlidir: “Hər bir dövlətin güclü olması onun vətəndaşlarının öz milli dəyərlərinə, adət-ənənələrinə və ailə dəyərlərinə sahib çıxmasından asılıdır. Bu gün ailələr, məktəblər və televiziya vasitələri ölkəmizdəki ailə dəyərlərinin gözəl nümunələrini təbliğ etməlidirlər. Orta məktəblərdə müəllimlər uşaqlara uyğun şəkildə ailə dəyərlərini təbliğ etməli və adət-ənənələrimiz barədə onları məlumatlandırmalıdır”.
Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. Media təmsilçilərində Modern ailə dəyərlərinin təşviq edilməsində jurnalistlərin rolunun artırılması mövzusunda təsəvvür formalaşdırmaq məqsədi daşıyır.
Fəaliyyət Azərbaycan Jurnalistlrinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan “Ənənəvi dəyərlərin mediada təşviqi" adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Proqram çərçivəsində ümumilikdə 14 məqalənin dərc edilməsi nəzərdə tutulub.
AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ
Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.