Müğənni Nigar Camalın Milli.Az-a müsahibəsi.
- Nigar xanım, son illər sizi filmlərdə aktrisa kimi də görürük. Özünüzü bir aktrisa kimi bəyənirsiniz?
- Çəkildiyim filmlərə sonradan baxanda deyirəm ki, kaş bu yerini belə oynamazdım, daha canlı oynayardım. Bəzən özümü bəyənirəm, bəzən yox.
- Dünya şöhrətli Cennifer Lopezə bənzəyirsiniz. Həm xarici görünüşcə, həm də o da sizin kimi müğənni ola-ola filmlərə çəkilir. Filmlərini izləmisiniz?
- Onun bütün filmlərini izləmişəm. Düşünürəm ki, müğənni kimi daha güclüdür. Amma aktrisa kimi də bəyənirəm.
- Özünüzü tənqid edirsiniz?
- Mən hər dəfə özümə tənqidi yanaşıram. Hətta güzgüyə də baxanda üzümdə nəsə tapa bilirəm (gülür). İnsan özündə səhvlər görəndə o səhvləri düzəldir.
- Maraqlıdır, filmə çəkiləndə yüksək qonorar deyirsiniz?
- Bu sadəcə simvolik qonorar olur. Mənə əslində iş prossesi həmişə maraqlı olur. Həm də axı bir tək "Kəklikotu" filmində rol almışam.
- Oxuduğunuz hansı mahnınızı sevmirsiniz?
"Kəpənəklər" mahnımı heç xoşlamıram. Mənim bu stildə mahnılar xoşuma gəlmir.
- Böyük komanda ilə çalışırsınız?
- Deyə bilmərəm ki, böyük komanda ilə çalışıram. Sadəcə olaraq yaxın insanlarım mənim yanımdadır. İnsanlara çox inanmıram.
- Olmaya insanlardan çox xəyanət görmüsünüz?
- Mən həmişə deyirəm ki, kim mənim həyatımdan getmək istəyirsə getsin. Buna görə özümü öldürən deyiləm (gülür).
- Bəs gəlmək istəyirsə gələ bilərmi?
- Mənim 20 yaşım olsaydı hər şey tam başqa olardı. Çünki o yaşda insanlara inam daha güclü olur. Söz-söhbətcil, neqativ insanlardan uzaqlaşıram. Hər insanı həyatıma qəbul etmirəm. Az insan, az problem deməkdir.
- 20 yaşlı xanıma bənzəyirsiniz.
- Yalan danışırsınız (gülür).
- Nigar Camal xasiyyətcə necə insandır?
- Mən zarafatı, söz atmağı çox xoşlayıram. Problemlərim də olsa həmişə zarafat edirəm. Çünki zarafatsız yaşaya bilmərəm. Təbii ki, mənfi tərəflərim də var. Əsəbiləşsəm də çox əsəbi qala bilmirəm. Daha çox vaxtımı övladlarımla, onların problemlərini həll etməklə keçirirəm. Londonda anayam, Bakıda müğənni.
- Övladlarınız orada, siz burada. Darıxmırsınız?
- Əlbəttə ki, darıxıram. Amma insan istəsə də, istəməsə də alışır.
- Nigar Camal təklikdən qorxur?
- Xeyr, artıq təkliyə alışmışam. Mən həmişə təkəm.
- Niyə təksiniz?
- Boş-boşuna vaxt itirməyi sevmirəm. Hiss edəndə ki, bu insan mənlik deyil, onunla əlaqəni kəsirəm. Sevgi-məhəbbət olsa əlbəttə ki, münasibətimi quraram.
Əli Novruzəliyev
Milli.Az