Birləşmiş Millətlər Təşkilatının (BMT) yanvar-iyun dövründə Suriyadakı insan hüquqları vəziyyətilə bağlı hazırladığı 24 səhifədən ibarət hesabat dərc olunub.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, hesabatda bildirilir ki, həmin dövr ərzində Bəşər Əsəd qüvvələrinin silahlı müxaliflərin və terror təşkilatlarının nəzarətindəki bölgələrə qarşı hücumları nəticəsində uşaqların da olduğu 1 milyondan çox suriyalı evindən didərgin düşüb. Hesabatda deyilir ki, evlərini tərk etmək məcburiyyətində qalan vətəndaşların çoxu hazırda çox ağır şəraitdə yaşamaq məcburiyyətində qalıb.
Üç nəfərlik komissiyanın hazırladığı hesabatda deyilir ki, davam edən danışıqlar nəticəsiz qalsa, ölkənin şimal-qərbində İdlib əyalətində də oxşar vəziyyət yarana bilər. İlin əvvəlindən iyunun ortasına qədər Əsəd rejiminin davamlı hücumları nəticəsində Hələb, Humusun şimalı, Şam ətrafında, Dera və İdlibdəki humanitar vəziyyətə diqqət çəkən hesabatda bildirilir ki, insanlar kütləvi şəkildə evlərini tərk etməyə məcbur qalıb.
Evlərindən didərgin düşən suriyalıların qida, su, səhiyyə xidmətləri və qalmağa yer tapmaq məsələsində böyük əziyyət çəkdikləri diqqətə çatdırılıb.
Günay Elşadqızı / METBUAT.AZ