Bu gün dünya kataklizmlər dövrünü yaşasa da, Azərbaycan
sabitlik adasına çevrilib. Bunun əsasında Prezident İlham Əliyevin
apardığı siyasət dayanır. Son dövrlər Azərbaycan liderinin strateji
manevrləri xüsusilə diqqət çəkir. Həm ABŞ, həm Avropanın aparıcı
dövlətləri, həm Rusiya və regionun digər ölkələri ilə qarşılıqlı
hörmətə əsaslanan tərəfdaşlıq Azərbaycanın milli maraqlarına uyğun
şəkildə həyata keçirilir.
Bu gün ABŞ-Azərbaycan münasibətləri çox yüksək səviyyədə inkişaf
edir. ABŞ prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham
Əliyevə ünvanlandığı məktublarda Vaşinqtonun Bakıya verdiyi önəm
aydın şəkildə ifadə olunur. Rusiya prezidenti Vladimir Putin də
Azərbaycan lideri ilə səmimi dostluq münasibətlərinə üstünlük
verir. Sentyabrın 1-də Azərbaycan və Rusiya liderlərinin Soçidə
keçiriləcək görüşü də buna əyani sübutdur.
İlham Əliyevin apardığı xarici siyasət nəticəsində Azərbaycan dünya
üçün əvəzolunmaz ölkəyə çevrilib. Beynəlxalq nəqliyyat layihələri
də bunu deməyə əsas verir. Azərbaycan liderinin uğurlu siyasəti
nəticəsində Azərbaycan bu gün dünya ölkələrini birləşdirən
nəqliyyat şəbəkələrinin ürəyini təşkil edir. Bu, ölkəmizin siyasi
əhəmiyyətini artırmaqla yanaşı, böyük iqtisadi dividendlərin əldə
olunmasını da təmin edir.

Bu layihələri biri “Şimal-Cənub” beynəlxalq nəqliyyat
dəhlizidir.
Rusiya, Azərbaycan və İranın birgə həyata keçirdiyi bu layihə
Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar
göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə bu dəhliz
Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının
Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz
limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait
yaradacaq.
Nəqliyyat dəhlizi ilə bağlı işlərin birinci mərhələsi artıq başa
çatıb. Azərbaycan ərazisində olan hissəsi isə istismara tam
hazırdır. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi təkcə
Azərbaycan, Rusiya Federasiyası və İran deyil, eləcə də ixrac-idxal
əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artırmaq
istəyən digər region dövlətlərinin də inkişafında əhəmiyyətli rol
oynayacaq.
Diqqət çəkən məqamlardan biri də odur ki, ölkələr arasında mütəmadi
konteyner əlaqəsinin təmin edilməsi üçün
Hindistan-İran-Azərbaycan-Rusiya-Latviya multimodal marşrutunun
yaradılması planlaşdırılır.
Latviya Nəqliyyat Nazirliyinin məlumatına görə, bu marşrut
“Şimal-Cənub” layihəsi çərçivəsində fəaliyyət göstərəcək.
Azərbaycandan iki çox vacib beynəlxalq nəqliyyat dəhlizi keçir –
Hindistan, İran, Azərbaycan, Rusiyanın şimal-qərbi və Baltik dənizi
regionunu birləşdirən “Şimal-Cənub” dəhlizi, həmçinin Yeni İpək
Yoluna daxil olan, Xəzər və Qara dəniz regionları arasında strateji
əlaqə yaradan TRACECA – Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi. Bu,
Azərbaycanın yükdaşımanın inkişafı baxımından əla perspektivlərinin
olduğunu göstərir. İranla dəmir yolu xəttinin inkişafı
“Şimal-Cənub” dəhlizini möhkəmləndirəcək, artıq istifadəyə verilmiş
Bakı-Tbilisi-Qars dəmir yolu isə Şərq-Qərb istiqamətini inkişaf
etdirəcək.
Dünyanın nəqliyyat şəbəkəsinin ürəyinə çevrilən Azərbaycan artıq
Uzaq Şərqdən Uzaq Qərbə qədər uzanan bütün yolların birləşdirici
faktorudur.

Azərbaycan bu gün dünyanın enerji arteriyasında əsas
lokomotivlərdəndir. Xüsusilə Avropanın enerji təhlükəsizliyi
Azərbaycandan asılıdır. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində
Transanadolu boru kəmərinin (TANAP) açılışı ilə Azərbaycan
Avropanın qaz bazarında yerini gücləndirdi. Bu, layihə Avropanın
enerji xəritəsini dəyişdirəcək addım hesab olunur.
Azərbaycan qazını Avropaya daşıyacaq Cənub Qaz Dəhlizi layihəsinin
əsas hissəsi olan TANAP-ın nəql həcminin əvvəlcə 16 milyard
kubmetrə, sonra 24 milyard kubmetrə, ən sonda da 31 milyard
kubmetrə yüksəldilməsi nəzərdə tutulur. 1850 kilometrlik TANAP
xətti Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq,
Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan,
Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.
Boru xətti Türkiyə-Gürcüstan sərhədində yerləşən Ərdəhan
vilayətindəki Posof mahalının Türkgözü kəndindən başlayaraq,
Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun,
Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik,
Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə olmaq üzrə
20 vilayət, 67 mahal və 600 kənddən keçərək Yunanıstan sərhədində
Ədirnənin İpsala mahalında yekunlaşır və bu nöqtədən etibarən TAP-a
bağlanır.
TANAP layihəsi çərçivəsində SOCAR, bp və Türkiyənin “Botaş” şirkəti
arasında müqavilə imzalanıb. TANAP layihəsində Azərbaycan Dövlət
Neft Şirkəti (SOCAR) 80 faiz, Türkiyənin BOTAŞ və TPAO şirkətləri
isə birlikdə 20 faiz paya malikdir.
TANAP-ın açılış mərasimində çıxış edən Prezident İlham Əliyev
“Cənub Qaz Dəhlizi” layihəsinə toxunaraq bildirib ki, bu, dörd
böyük layihədən ibarətdir: “Şahdəniz-2” qaz yatağının işlənilməsi,
- o yatağın ehtiyatları 1,2 trilyon kubmetrdir, - Cənubi Qafqaz
Kəməri, TANAP və TAP layihəsi. Bu dörd layihənin üçü artıq
reallaşıb, başa çatıb. TAP da 72 faiz icra olunub. Əminəm ki, yaxın
iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın
40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur
layihəsi olan “Cənub Qaz Dəhlizi” icra edilmiş olacaqdır. Bu tarixi
nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz
ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla,
şaxələndirilmiş formada çatdırılsın”.
Bu nəhəng layihənin reallaşmasında Azərbaycan və Türkiyənin böyük
iradəsi və əməyi var. Layihə gündəmə gələndə çoxları bunun utopiya
olduğunu iddia edirdi. Lakin bugünkü nəticə utopik iddiaları
alt-üst etməklə yanaşı, Bakı və Ankaranın regionda əsas güc
olduğunu da sübut etdi. Burada təbii ki, Azərbaycan-Türkiyə
qardaşlıq faktoru da xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev çıxışında Azərbaycan-Türkiyə qardaşlığına
toxunaraq qeyd edib: “Biz Azərbaycanda Türkiyənin Prezidenti Rəcəb
Tayyib Ərdoğanın liderliyi ilə əldə edilmiş uğurlara çox sevinirik.
Prezident Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə dünya
çapında böyük gücə çevrildi. Türkiyə o ölkədir ki, dünya
gündəliyini müəyyən edir. Biz Azərbaycanda buna sevinirik.
Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir.
Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər
dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan
birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün,
bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir. Bu gün TANAP-ın
istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti
təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir.
TANAP tarixi layihədir”.

Dövlət başçısı əlavə edib ki, Türkiyə və Azərbaycanın enerji
layihələri bölgəyə sabitlik gətirir.
“Bu layihələrdən bütün ölkələr, bütün şirkətlər fayda görür,
xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi
Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi
nəticəsində mümkün olmuşdur. Bu, birgə həyata keçirdiyimiz birinci
layihə deyil. Biz bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan
neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən
il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün
bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla
birlikdə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz
birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli
sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun
arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız
dayanır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan liderinin də dediyi kimi, layihədə yeddi ölkə iştirak
edir və hər biri bu layihədən qazanc götürəcək.
Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri də məhz
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi fonunda diqqət
çəkən məqamdır.

Almaniya kanslerinin Bakıda səsləndirdiyi fikirlər də Avropanın
Azərbaycana münasibətini aydın şəkildə ifadə edir.
“Bu regionda Azərbaycanın simasında ən böyük, ən vacib ticarət
tərəfdaşımız var. Azərbaycanda xarici ticarət palatamız var, burada
150 alman müəssisəsi fəaliyyət göstərir. Azərbaycan da, öz
növbəsində, iqtisadiyyatın şaxələndirilməsinin həyata
keçirilməsində maraqlıdır və Almaniya bu sahədə öz ciddi töhfəsini
verə bilər. Bu gün birgə biznes forumu da buna xidmət edəcək və
orada detallar barədə danışacağıq. Cənub Qaz Dəhlizinin açılması
Avropanın enerji təminatında böyük rol oynayacaq. Biz Azərbaycanda
Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasını yüksək qiymətləndiririk.
Bu, Avropa ilə ticarət əlaqələrini genişləndirəcək, mübadilə
aparılmasını yaxşılaşdıracaq”, - deyə Angela Merkel qeyd edib.
Göründüyü kimi, Azərbaycan lideri İlham Əliyevin ağıllı və
düşünülmüş siyasəti ölkəmizi dünyanın güc mərkəzləri sırasına
çıxarmaqdadır. Bakının ayaq səsləri dünyada aydın eşidilir!
Publika.az