“Avropa Parlamentinin deputatı Martin Sonnebornin Dağlıq Qarabağa səfər etməsi hər şeydən öncə hüquq pozntusudur və bütün dünyaya hüquq dərsi keçməyə çalışan bəzi Avropa təşkilatları belə məsələlərlə bağlı da öz mövqeylərini bəyan etməlidirlər”.
Bu sözləri Publika.az-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Millət vəkili bildirib ki, həmin təşkilatlar əksinə, bu tip hadisələri şəxsi mövqe kimi şərh etməyə çalışaraq, hüquqla manipuliyasiya edirlər:
“Bu yolverilməzdir. Əgər Avropa ailəsinə daxil olan ölkələrin hər biri üçün sərhəd toxunulmazlığı vacib şərtdirsə, onda onunla əməkdaşlıq edən bütün ölkələrin, o cümlədən, Azərbaycanın da sərhəd toxunulmazlığı vacib şərt olmalıdır. Çünki Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlığın prioritetləri haqqında sənəd paraflayıb və bütün Avropa ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ümid edirik ki, Avropa Parlamenti Azərbaycanın sərhədlərini pozan bu deputatın hüquq çərçivəsində cəzalandırılmasını təmin edəcək, onun səfərini qeyri-qanuni yollarla təşkil edən Brüssel erməni lobbisinin rəhbəri Kaspar Karampetyanı da hüquqi məsuliyyətə cəlb edilməsinə çalışacaqdır. Əks təqdirdə, pulla və digər həvəsləndirici vasitələrlə ələ alınan deputatın bu cür hərəkətə yol verməsi bütün Avropa Parlamenti adına ləkə olacaqdır”.
Zümrüd