Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyində (AYB) professor Həsən Quliyev haqqında xatirələr toplusu olan “Sözə təmənnasız xidmət” adlı kitabın təqdimatı keçirilib. Kitab “Qafqaz” nəşriyyat evi tərəfindən çapdan çıxıb.
Qafqaz Strateji Tədqiqatlar İnstitutunun dəstəyi ilə ərsəyə gəlmiş nəşrin redaktoru Marina Mürsəlovadır.
Kitaba filologiya elmləri doktoru, professor, yazıçı və publisist, “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının banisi və 10 il ərzində əvəzolunmaz rəhbəri, Azərbaycan və Rusiya yazıçılar birliklərinin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, “Humay”, A.Bakıxanov, Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatları laureatı, 30-dan çox kitabın, o cümlədən pyeslərin, ssenarilərin və nəsr əsərlərinin müəllifi Həsən Quliyevlə bir yerdə işləmiş, ünsiyyətdə olmuş, onu yaxından tanımış insanların xatirələri daxil edilib.
AZƏRTAC xəbər verir ki, kitabın təqdimat mərasimi alim, ləyaqətli insan haqqında xatirə axşamı olmaqla səmimi şəraitdə keçib.
Tədbiri Azərbaycanın əməkdar jurnalisti, Dövlət mükafatı laureatı, Mili Məclisin deputatı Elmira Axundova aparıb.
Mərasimdə çıxış edən AYB-nin sədri, xalq yazıçısı Anar, birliyin katibi, xalq yazıçısı Çingiz Abdullayev Həsən Quliyevin müasir ədəbi prosesin inkişafında xidmətlərini və töhfəsini xüsusilə qeyd ediblər.
Bildirilib ki, Həsən Quliyevin təşəbbüsü ilə 10 il əvvəl rusdilli yazıçıları, o cümlədən xaricdə yaşayan həmvətənlərimizi birləşdirən “Luç” Assosiasiyası təşkil olunub. Məhz bu təşkilat istedadlı gənc yazıçılara ədəbiyyat aləminə vəsiqə verib. “Luç”un himayəsi altında ən yaxşı əsərlər, kollektiv topluların nəşri üzrə respublika və beynəlxalq müsabiqələrin keçirilməsi, şübhəsiz ki, ədəbi prosesin inkişafına müsbət təsir göstərib, rusdilli şair və nasirləri ruhlandırıb və dəstəkləyib.
H.Quliyev rus dilində üç cildlik “Azərbaycan poeziyası antologiyası” və “Azərbaycan nəsri antologiyası”nın tərtibatçısı və redaktoru olub. O, “Azərbaycan dramaturgiyası antologiyası”nı da nəşr etməyi nəzərdə tuturdu, lakin çatdıra bilmədi.
Həsən Quliyev həmkarlarının xatirində yüksək səviyyəli peşəkar ədəbiyyatşünas kimi qalıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra məhz o, əvvəllər qadağan olunmuş mühacirət ədəbiyyatına müraciət edənlərdən biri olub. Professor H.Quliyevin təşəbbüsü əsasında Qafqaz Strateji Tədqiqatlar İnstitutunun dəstəyi ilə şərqşünas yazıçı, Qərbdə çox məşhur olan Məhəmməd Əsəd bəyin (Qurban Səidin) silsilə kitabları onun Vətənində - Azərbaycanda çap olunub. Həsən Quliyevin N.Nərimanov, Stalin, C.Məmmədquluzadə, M.F.Axundzadə, soykökünün gedib çıxdığı Şuşa, Qarabağ mövzusu, müharibə və sülh, bəşəri dəyərlər mövzularıda tədqiqat xarakterli kitabları – ədəbi, ictimai mühitdə yeni söz, hadisələrə kamil və cəsarətli baxış bucağıdır.
Bütün bunları tədbirdə Həsən Quliyevin yoldaşları, həmkarları, onunla bir yerdə işləyən və onu yaxından tanıyanlar söyləyiblər. “Luç” Assosiasiyasının sədr müavini, filologiya elmləri doktoru, Gürcüstan Elmlər Akademiyasının üzvü Çingiz Bədəlov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Validə Məmmədova, Bakı Slavyan Universitetinin dosenti, “Sfera” dram studiyasının rəhbəri Fikriyyə Muradova qeyd ediblər ki, professorun ən mühüm xidmətlərindən biri isə Azərbaycan ədəbiyyatı dərsliyi idi. Bu dərslikdən ölkəmizin rus dilli məktəblərində istifadə olunub.
“Luç” Assosiasiyasnın katibi, Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, uzun illər Həsən Quliyevin köməkçisi olmuş, onunla birgə toplular hazırlamış, müsabiqələr keçirmiş Marina Mürsəlova, “Sodrujestvo” ədəbi birliyinin rəhbəri Raisa Abdullayeva və başqaları bu böyük insanla bir yerdə işləmələrindən danışıblar.
H.Quliyevin tələbələrindən biri yazıb: “O, əbəs yerə ömür sürməyib. Onun məqalələri, kitabları, dərslikləri, çıxışları - bütün bunlar mürəkkəb, ziddiyyətli, lakin çox ləyaqətli həyatdır...”.
Mərasim iştirakçıları yekdilliklə Həsən Quliyevin mənəvi övladı olan “Luç” Assosiasiyasını qoruyub saxlamağın zəruriliyi söyləyiblər. Tədbirdə Tofiq Məlikli assosiasiyanın yeni sədri seçilib. O, “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin keçmiş sədri, habelə Ümumrusiya Azərbaycanlıları Konqresinin üzvü, şərqşünas, türkoloqdur.
H.Quliyevin nəvəsi – Rüstəm Quliyev babasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçlarına ailələri adından minnətdarlığını bildirib.