Bakı, 22 aprel, AZƏRTAC 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) UNESCO-nun Statistika İnstitutu və Brukinqs İnstitutunun Ümumi Təhsil Mərkəzi tərəfindən Təhsil göstəriciləri üzrə Hədəf qrupunun aparıcı tərəfdaşı seçilib.
UNESCO-nun Statistika İnstitutu və Brukinq İnstitutunun (ABŞ) Ümumi Təhsil Mərkəzi Təhsil göstəriciləri üzrə Hədəf qrupu (Learning Metrics Task Force (LMTF)) 2013-cü ildən fəaliyyət göstərir.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, bu layihənin həyata keçirilməsinin məqsədi qlobal inkişaf proqramında təhsilin mərkəzi rolunun təmini, bütün dünyada uşaq və gənclərin təhsil imkanlarının genişləndirilməsi, təhsil nəticələrinin yaxşılaşdırılması üzrə vahid məqsədlərin müəyyənləşdirilməsi ilə bağlı tövsiyələrin hazırlanması üzərində araşdırmalar aparmaqdır.
TQDK Təhsil Göstəriciləri üzrə Hədəf Qrupuna postsovet məkanında aparıcı qiymətləndirmə qurumu kimi təmsil olunması üçün qəbul edilib.
Bu status əsasında TQDK yaxın gələcəkdə təhsil və qiymətləndirmə sahəsində bir sıra regional layihələrin idarə edilməsində vacib rol oynayacaq. Buraya Mərkəzi Asiya ölkələrində qiymətləndirmə sahəsi üzrə təlim materiallarının hazırlanması, təlimin həyata keçirilməsi, müxtəlif ölkələr üzrə qiymətləndirmə kataloqunun hazırlanması və digər məsələlərin TQDK tərəfindən icra olunması daxildir.
Təhsil Göstəriciləri üzrə Hədəf Qrupu təhsil və qiymətləndirmə sistemini gücləndirməklə və bu sahədə mövcud perspektivlərdən istifadə etməklə hər kəs üçün ədalətli təhsilə çatmaq məqsədi ilə hökumətlərin, təşkilatların və şəxslərin kollektiv səylərini əks etdirir. LMTF-nin strukturu katiblik, kiçik məsləhət komitəsi, geniş təşkilatlar qrupu - üzvlər, həmçinin tərəfdaş təşkilatlar tərəfindən çağırılan müxtəlif işçi qruplarından ibarətdir.
LMTF-nin üzvü kimi TQDK-nın il ərzində mütəmadi virtual brifinqlərdə və işçi qruplarında birbaşa iştirakı nəzərdə tutulur. Bu tədbirlər zamanı Hədəf Qrupunun üzvləri bir araya gəlib müntəzəm təcrübə mübadiləsi aparacaq, yenilik və müvəffəqiyyətləri, meydana çıxan problemləri müzakirə edəcəklər.