Bakı, 22 aprel, AZƏRTAC 
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova və dissertant Səidə Məmmədova Türkiyədə ezamiyyətdə olublar.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, ezamiyyətin məqsədi tətbiqi fizika sahəsində irəliləyişlər və materialşünaslıq mövzusunda beşinci beynəlxalq elmi konfrans və sərgidə (APMAS-2015) iştirak etmək olub.
Konfransda institutun əməkdaşları “Kvazi-bir ölçülü topoloji ifratkeçiricilər” və “Mn əvəzetmə aşqarı və vakansiyalar hesabına xalkopirit ZnSnAs2-nin maqnit xassələri” mövzularında təqdimatla çıxış ediblər.