Tbilisi, 22 aprel, AZƏRTAC
Gürcüstan hökumətinin yerli fermerlər və torpaq sahibləri üçün ayırdığı subsidiya və kreditlərdən yerli azərbaycanlılar da səmərəli istifadə edə biləcəklər. Hökumətin ayırdığı yardımlar kənd təsərrüfatı sahəsində çalışan azərbaycanlıların həyat şəraitinin yaxşılaşmasında mühüm rol oynayacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində aprelin 22-də Tbilisidə keçirilən kənd təsərrüfatının inkişafına həsr olunmuş konfransın iştirakçısı Bolnisi rayonu Həsənxocalı kənd sakini Yasin Nəbiyev deyib.
Y.Nəbiyev bildirib ki, konfransda çıxış edən Gürcüstanın kənd təsərrüfat naziri Otar Daneliya hökumətin kəndli fermerlərə və torpaq sahiblərinə mülkiyyətində olan torpağın əkilib-becərilməsi üçün 5000 laridən 15000 lariyədək yardım göstərəcəyini bəyan edib. Bu yardımı almaq üçün hər bir fermer ölkədə ərzaq bolluğunun yaradılması və kənd təsərrüfatının inkişafı ilə bağlı konkret layihə hazırlamalıdır.
Konfransın digər iştirakçısı Bolnisi rayonunun Arıxlı kənd sakini Məmməd Qurbanov isə qeyd edib ki, konfransda azərbaycanlı fermerlərin və torpaq mülkiyyətçilərinin problemləri də dinlənilib. Bildirilib ki, “Güclü region və güclü Gürcüstan” layihəsi çərçivəsində kənd təsərrüfatı ilə məşğul olan hər bir azərbaycanlı konkret yardımlar alacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi