Xaçmaz, 22 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 22-də Xaçmaz rayonunun Yalama qəsəbəsindəki Heydər Əliyev Muzeyində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, daşişləmə sənəti ustası Ədalət Elmanın "Tarixi yazan dahi şəxsiyyət" adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə ümummilli lider Heydər Əliyevlə yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya həsr olunmuş əl işləri də yer alıb. Bununla yanaşı, sərgidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycanın görkəmli şəxsiyyətləri Nəriman Nərimanovun, Üzeyir Hacıbəylinin, Hüseyn Cavidin, Mir Cəlal Paşayevin, İlyas Əfəndiyevin, Məhəmmədhüseyn Şəhriyarın, Həsən bəy Zərdabinin də çay daşlarının üzərinə köçürülmüş obrazları nümayiş etdirilir.
Xaçmaz Rayon İcra Hakimiyyəti, rayon Mədəniyyət və Turizm Şöbəsi eləcə də Xaçmazdakı Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təşkil olunan sərgi Ədalət Elmanın ikinci fərdi sərgisidir. Rəssamın yaradıcılığında əsasən Azərbaycan xalqının tarixi keçmişi, bu günü və sabahı öz əksini tapır.






