Bakı, 22 aprel, AZƏRTAC
Polşanın Poznan şəhərində Adam Miskeviç adına Poznan Universitetinin türkologiya fakültəsinin tələbəsi Zuzanna Goslavskanın təşkilatçılığı ilə Azərbaycan musiqisi gecəsi keçirilib.
Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, gecədə Həmid İbadullayev (balaban/dəf), Monika Koşçelna (skripka/kamança) və Leşek Vıpixin (gitara) ifasında musiqilərimizdən nümunələr səsləndirilib.
Yüzdən çox polşalı dinləyicinin iştirak etdiyi tədbirdə həmin fakültənin magistri Radoslav Andjeyevski tərəfindən Azərbaycana həsr edilmiş təqdimat keçirilib.
Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşlarının iştirak etdiyi gecədə, həmçinin səfirliyin ikinci katibi Xuraman İsmayılova çıxış edərək milli musiqi irisimizə göstərilən diqqətə görə təşkilatçılara təşəkkürünü bildirib və iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.