Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalandı. Bu, 22 il sonra Xəzəryanı ölkələrin imza atdığı tarixi uğurdur.

Publika.az
xəbər verir ki, ekspertlər Xəzərin hüquqi statusunun müəyyən edilməsinin regionun inkişafı üçün də xüsusi əhəmiyyət daşıdığını qeyd edirlər.

Politoloq Arzu Nağıyev sammitdə həllini tapan iki məsələyə diqqət çəkib.

“Birincisi, beş dövlətin icazəsi olmadan Xəzərdə hərbi bazaların qurulması və hərbi gəmilərin hərəkəti mümkün olmayacaq. İkincisi, ərazi bölgüsü. Sovetlər dövründə dənizin balıq ovu zonası İran və SSRİ arasında bölünürdü, indi isə bu zona 5 dövlət arasında bölündü. Bundan başqa neytral sular da var”, - deyə o bildirib.



A. Nağıyev qeyd edib ki, Qərbdə Xəzərin statusu ilə bağlı razılaşma kimlərinsə ürəyincə olmaya bilər: “Lakin beş dövlət öz arasında razılaşdı və bu, Azərbaycan üçün geniş iqtisadi imkanlar açır. Konvensiya Azərbaycan üçün proqressiv rol oynayır, çünki gələcəkdə dənizdə həyata keçiriləcək bütün iqtisadi layihələr bilavasitə Azərbaycana aid olacaq. Bundan sonra dənizin taleyini beş dövlət həll edəcək, hərçənd, əvvəllər heç bir dövlət bunu həll edə bilmirdi”.

“Baku Network”un ekspertlər şurasının rəhbəri Elxan Ələsgərov Xəzər sammitini tarixi hadisə olaraq qiymətləndirib.

“Sammitin baş tutması və konvensiyanın imzalanması uzun diplomatik işin nəticəsidir və bu, Azərbaycan üçün müsbət nəticələr vəd edir. İlk olaraq, ziddiyyətli məsələlər aradan qalxdı. Azərbaycan üçün öz sularında müstəqillik məsələsi əhəmiyyətlidir. İkincisi, Azərbaycanın qarşısında yeni iqtisadi imkanlar açılır. Üçüncüsü, Xəzər dənizi zonasında qaz və neft kəmərləri şəbəkəsinin perspektivləri güclənir. Dördüncüsü, Xəzərin bioloji resursları qorunacaq”, - deyə ekspert vurğulayıb.



E. Ələsgərovun fikrincə, Xəzərdə birgə razılıq regionda bir çox məsələnin həllində müsbət rol oynaya bilər: Xəzərdə razılıqlar dayaq nöqtəsi olacaq və bu, Qarabağ münaqişəsinin həllində Xəzəryanı ölkələrin Azərbaycana dəstək verməsi ilə nəticələnə bilər”.

MDB ölkələri İnstitutunun əməkdaşı Andrey Qrozin Aktau sammitində imzalanmış konvensiyanın Xəzərin Konstitusiyası olduğunu deyib.

“Nazarbayev bu konvensiyanın Xəzərin Konstitusiyası olduğunu bəyan etdi, bu həqiqətən belədir və tarixi hadisədir. Bu addım mübahisəli məsələlərin həll olunmasında və Xəzəryanı ölkələrin birgə işləməsində böyük rol oynayacaq”, - deyə o bildirib.

Asif