“YUNESKO-nun irs komitəsinin 43-cü ssesiyasının Azərbaycanda keçirilməsi ilə bağlı ölkə Prezidentinin sərəncamı ölkəmizin imkanları, malik olduğu təcrübə və mövcud reallıqlara söykənir”.

Bu sözləri Publika.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ölkəmizin buvaxta qədər bir çox beynəlxalq tədbirə ev sahibliyi etdiyinə diqqət çəkən A.Quliyev bildirib ki, onların hamısının maddi təminatı və təşkilatçılığı yüksək səviyyədə həyata keçirilib:

“Azərbaycan cəmiyyəti də bu tədbirlərə çox anlayışla yanaşır, onların ölkəmizin milli mənafeyinə xidmət etdiyinin fərqindədir. Ona görə də tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün həm dövlət orqanları, həm də cəmiyyətimiz lazım olan addımları atır”.

A.Quliyev onu da bildirib ki, YUNESKO-nun bu sessiyasının Azərbaycanda keçirilməsi bir neçə nöqteyi nəzərdən əhəmiyyətli olacaq:

“Bu həm malik olduğumuz iqtisadi inkişaf potensialımızı nümayiş etdirməyə, həm də milli mənəvi-dəyərlərimizin, qonaqpərvərliyimizin real olaraq göstərilməsində yeni imkanlar yaradacaq. Əminəm ki, tədbirdə iştirak edən hökümət və dövlət rəsmiləri də ölkəmiz haqqında daha dolğun təəssürat əldə edəcək”.

Ekspert tədbirin yüksək səviyyədə keçiriləcəyinə və ölkəmizə siyasi dividentlər gətirəcəyinə heç bir şübhə olmadığını deyib:

“Bu cür tədbirlərin dünyanın yüksək tribunalarında müzakirəsi aparılırsa, bu artıq həmin ölkənin reytinqinə əlavə xalların gəlməsi deməkdir. Biz bu hallarla dəfələrlə qarşılaşmışıq. Ölkəmizdə keçirilən bütün tədbirlər dünya miqyasında Azərbaycanın nüfuzunu yüksəldib. Çünki belə tədbirlər ölkənin malik olduğu imkanların nümayişi baxımdan əhəmiyyətlidir. Bu gün MDB məkanında Azərbaycan kimi belə beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkələrin sayı azdır. Məsələn, Ermənistanda heç vaxt belə mötəbər tədbirlər keçirilmir. Həm Ermənistanın maliyyə-iqtisadi potensialı buna imkan vermir, həm dövlətin bu sahədə təcrübəsi yoxdur, həm də dövlət bu sahədə tolerant deyil. Dünya dövlətləri belə tədbirlərin bütün ölkələrdə keçirilməsinə həvəslə razılıq vermir. Lakin Azərbaycan istisna təşkil edən ölkələrdəndir ki, dünya birliyi mötəbər tədbirlərin keçirilməsinə həvəslə yanaşır. Ölkəmizdə belə tədbirlərinin baş tutmasının risk dərəcəsi yoxdur”.