“Tacikistanla Azərbaycan tərəfdaş ölkələrdir və bütün beynəlxalq platformalarda bir-birinin maraqlarını müdafiə edirlər. Ümumiyyətlə, tarixən ənənəvi olaraq iki ölkə arasında münasibətlər daim müsbət dinamika və xoş məqsədlər çərçivəsində inkişaf edir”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Hikmət Babaoğlu Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü şərh edərkən deyib.

Politoloq bildirib ki, Tacikistan prezidentinin Azərbaycan səfəri çərçivəsində iqtisadi, humanitar və sosial sahələrdə əlaqələrlə bağlı müzakirələr aparılıb:

“Qonaq prezident qeyd etdi ki, Tacikistan Cənubi Qafqaz regionunda Azərbaycanın tərəfdaşıdır. Bu, iqtisadi baxımdan kifayət qədər əsaslandırılmış fikirdir. Çünki biz bilirik ki, Tacikistanın dağ-mədən sənayesi məhsullarının Azərbaycanla qarşılıqlı şəkildə realizasiyası var. Bunun fonunda, coğrafi mövqeyinə görə bir qədər regional inteqrasiyadan kənarda qalan Tacikistan üçün Azərbaycanın iqtisadi perspektivləri olduqca cəlbedicidir.

Bundan başqa, bir sıra müxtəlif sahələrdə: təhsil, humanitar, hərbi kadrların hazırlanması sahəsində Tacikistanla Azərbaycan arasında çox yaxşı əlaqələr var. Bakının bir sıra ali hərbi məktəblərində tacik kursantların təhsil alması heç kimə sirr deyil. Bütün bunlar iki ölkə arasında etibarlı körpü yaradır və gələcəkdə Azərbaycanın həyata keçirəcəyi layihələrdə Tacikistanın iştirakı üçün yaxşı fürsətdir. Hazırda “Böyük İpək Yolu”nun bərpası başa çatıb və Tacikistan məhsullarının Avropaya bu yol vasitəsilə ixrac olunması Azərbaycanla yaxşı və davamlı əlaqələri nəticəsində baş tuta bilər. Bütövlükdə, iki ölkə arasında münasibətlər müsbət səciyyələndirilir və düşünürəm ki, bu səfər gələcəkdə iki ölkə arasındakı münasibətlərdə yeni hüquqi əsaslar qurmaqla, həm də yeni keyfiyyət dəyişikliyinə şərait yaradacaq”.

Zümrüd