Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində
Azərbaycan bu gün dünya ölkələrini birləşdirən nəqliyyat
şəbəkələrinin ürəyini təşkil edir. Bu, ölkəmizin siyasi
əhəmiyyətini artırmaqla yanaşı, böyük iqtisadi dividentlərin əldə
edilməsini də təmin edir.
Publika.az Azərbaycanın iştirakçısı olduğu dünya
nəqliyyatının ən mühüm layihələrini araşdırıb.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi

Rusiya, Azərbaycan və İranın birgə həyata keçirdiyi bu layihə
Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar
göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə bu dəhliz
Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının
Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz
limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait
yaradacaq.
Nəqliyyat dəhlizi ilə bağlı işlərin birinci mərhələsi artıq başa
çatıb. Azərbaycan ərazisində olan hissəsi isə istismara tam
hazırdır. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi təkcə
Azərbaycan, Rusiya Federasiyası və İran deyil, eləcə də ixrac-idxal
əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artırmaq
istəyən digər region dövlətlərinin də inkişafında əhəmiyyətli rol
oynayacaq.
Rusiya Gömrük Akademiyasının rəisi, professor Vladimir Mantusov
hesab edir ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi beynəlxalq
yükdaşımalarda xərclərin azalmasına səbəb olacaq.
Diqqət çəkən məqamlardan biri də odur ki, ölkələr arasında mütəmadi
konteyner əlaqəsinin təmin edilməsi üçün
Hindistan-İran-Azərbaycan-Rusiya-Latviya multimodal marşrutunun
yaradılması planlaşdırılır.
Latviya Nəqliyyat Nazirliyinin məlumatına görə, bu marşrut
“Şimal-Cənub” layihəsi çərçivəsində fəaliyyət göstərəcək.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi "Latviya Dəmir Yolları"
QSC qismində Latviyanın logistika sahəsinin prioritetləri
siyahısına daxildir. Mütəmadi konteyner əlaqəsinin təmin edilməsi
üçün Hindistan-İran-Azərbaycan-Rusiya-Latviya multimodal marşrutu
yaradılır. Təklif olunan logistik qərarın Hindistandan Avropaya
effektiv, etibarlı və sürətli yük axınını təmin edəcəyi nəzərdə
tutulur. Latviyanın logistik xidmətləri və üstünlüklərindən
istifadə etməklə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi
istiqamətində Baltika və Şimali Avropa, eləcə də Şərqi və Qərbi
Avropa regionu ölkələrinə çıxış yaranır”, - məlumatda
vurğulanır.
Latviya Azərbaycanı Avrasiya məkanında yeni nəqliyyat
marşrutlarının inkişafı baxımından çox mühüm tərəfdaş hesab
edir.
Azərbaycandan iki çox vacib beynəlxalq nəqliyyat dəhlizi keçir –
Hindistan, İran, Azərbaycan, Rusiyanın şimal-qərbi və Baltik dənizi
regionunu birləşdirən “Şimal-Cənub” dəhlizi, həmçinin Yeni İpək
Yoluna daxil olan, Xəzər və Qara dəniz regionları arasında strateji
əlaqə yaradan TRACECA – Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi. Bu,
Azərbaycanın yükdaşımanın inkişafı baxımından əla perspektivlərinin
olduğunu göstərir. İranla dəmir yolu xəttinin inkişafı
“Şimal-Cənub” dəhlizini möhkəmləndirəcək, artıq istifadəyə verilmiş
Bakı-Tbilisi-Qars dəmir yolu isə Şərq-Qərb istiqamətini inkişaf
etdirəcək.
Latviya Nəqliyyat Nazirliyi hesab edir ki, Azərbaycan və Latviya
arasında logistik tədarük zəncirinin inkişafı üçün yeni imkanlar
Çinin “Bir zolaq, bir yol” təşəbbüsünü yarada bilər: “Latviya
Azərbaycana Şimal-Cənub və Şərq-Qərb istiqamətlərindəki logistik
marşrutlarını bizim dəmir yolları və limanlarımız vasitəsilə Şimali
və Qərbi Avropa bazarlarına çıxış əldə etməklə təkmilləşdirməyi
təklif edə bilər”.
Göründüyü kimi, dünyanın nəqliyyat şəbəkəsinin ürəyinə çevrilən
Azərbaycan artıq Uzaq Şərqdən Uzaq Qərbə qədər uzanan bütün
yolların birləşdirici faktorudur.
“Bakı-Tbilisi-Qars”

Bu nəqliyyat layihələrindən biri də “Bakı-Tbilisi-Qars” (BTQ)
dəmiryoludur.
Rusiya Siyasi İnformasiya Mərkəzinin analitiki İvan Pyatibratov
hesab edir ki, BTQ irimiqyaslı dəmiryol layihəsinin
reallaşdırılması Avropa ölkələrində Azərbaycana maraq oyadır, bu
isə Bakıya yeni nəqliyyat marşrutlarının açılması perspektivlərini
vəd edir.
“Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Bakı yox, həm də bütün region
qarşısında ciddi iqtisadi perspektivlər açır. Rumıniya tərəfinin
təklif etdiyi Xəzər-Qara dəniz nəqliyyat dəhlizi təşəbbüsü
düşünülmüş addımdır. Bu fikrin reallaşdırılması layihənin bütün
iştirakçılarının maraqlarına uyğun olacaq. Əlbəttə, Cənubi Qafqazın
əsas qüvvəsi olan Azərbaycan üçün bu, həm maliyyə, həm də siyasi
bonuslar vəd edir. Perspektivdə Azərbaycan Mərkəzi Asiya, Xəzər və
Qara dəniz regionları arasında nəqliyyat qovşağına çevrilə bilər.
Bakı-Tbilisi-Qars layihəsi yüklərin tranziti üçün yeni istiqamət
qismində Rusiya tərəfi üçün də maraqlıdır”, - deyə o bildirib.
Azərbaycan Xəzər-Qara dəniz nəqliyyat dəhlizinə
doğru

Qeyd edək ki, Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku
Xəzər-Qara dəniz nəqliyyat dəhlizinin hazırlanmasını təklif
etdiklərini bildirib.
Səfir qeyd edib ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Mərkəzi
Asiya, Xəzər və Qara dəniz regionları arasında yeni nəqliyyat
marşrutlarının yaradılmasına müsbət təsir göstərəcək: “Söhbət
“Şərq-Qərb” nəqliyyat dəhlizi kimi strateji əhəmiyyət daşıyan
layihələrdən gedərkən, Rumıniya və Azərbaycan ümumi maraqları
bölüşür. BTQ dəmir yolu təkcə Azərbaycan üçün yox, həm də region
üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Bu, “Şərq-Qərb”
dəhlizinin vacib hissəsidir və regional əlaqələrin möhkəmlənməsinə
vacib töhfə verəcək. BTQ Mərkəzi Asiya, Xəzər və Qara dəniz
regionları arasında yeni nəqliyyat marşrutlarının yaradılmasına
müsbət təsir göstərəcək ki, bu həm də Rumıniya üçün aktualdır. Bu
regionlar arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması
məqsədilə Rumıniya Xəzər-Qara dəniz nəqliyyat dəhlizinin
hazırlanmasını təklif edib. Bu layihə “Şərq-Qərb” dəhlizinin Qara
dənizdən keçməklə genişləndirilməsini nəzərdə tutur”.
Artıq BTQ vasitəsilə yüklərin daşınması prosesi başlayıb. Misal
üçün, “Maqnitiqorsk Metallurgiya Kombinatı” (MMK) PSC Türkiyəyə
metal məhsullarının çatdırılması üçün BTQ marşrutundan istifadə
edib.
Şirkətin məlumatına görə, “Azərbaycan operatoru “ADY Express” ilə
birlikdə, bu marşrut ilə ildə 250 min ton metal məhsullarının və ya
“MMK Metalurji”nin isti yayma rulonunda tələbinin üçdə bir
hissəsinin çatdrılması imkanı hazırlanır”. Məlumatda deyilir ki,
ümumi çəkisi 120 ton olan 4 ədəd konteyner, “Maqnitiqorsk
Metallurgiya Kombinatı”nın Türkiyədəki törəmə müəssisəsinə
çatdırılıb. Metal məmulatı olan vaqonlar 17 gün ərzində 5 min km
məsafədə qət edib. Şirkət bildirir ki, Bakı-Tbilisi-Qars dəmir
yolundan istifadə edilməsi, “Maqnitoqorsk Metallurgiya Kombinatı”na
İskəndərunda yerləşən və özünəməxsus liman vasitəsi ilə Yaxın Şərq,
Afrika və Avropaya məhsulunu nəql etməsinə əlverişli şərait
yaradır.
Burada Qazaxıstan Dəmir Yollarının İdarə heyəti sədrinin müavini
Maksat Kabaşevin açıqlaması da xüsusi diqqət çəkir.
M. Kabaşev deyir ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun
(TBNM) mərkəzi hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun tarixi
əhəmiyyəti yüksəkdir.
“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu regionunda əmtəə
dövriyyəsinin artım potensialı 2020-ci il üçün 646-922 milyard
dollar təşkil edir ki, bu da yük potensialında 300 min konteynerə
bərabərdir. Marşruta istiqamətlənən yük bazasını Avropa, Çin və
Türkiyə ticarət tərəfdaşlarının bazarları təmsil edir. Marşrutun
səmərəliliyi yük axınının artması, həmçinin gələcəkdə Marmaray yük
tunelinin istifadə edilməsi və Avropanın Pan-Avropa dəhlizləri
sisteminə qoşulmaqla artacaq. Dəmir yolu qatarlarının İstanbula
birbaşa çıxışını təmin etmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin
tikintisi başa çatdıqdan sonra Mersin limanına gələn ilk qatar
Qazaxıstan taxılını gətirib. 2018-ci ilin yanvarından iyununadək
sözügedən marşrutla Qazaxıstanın 1073 konteynerlik taxıl yükləri
daşınıb”.
6 ayda 25 milyon ton yük
Azərbaycan vasitəsilə daşınan yüklərin son statistikası isə
ölkəmizin tranzitdən böyük gəlir əldə etdiyini göstərir. Belə ki,
son 6 ayda Azərbaycan vasitəsilə 25 milyon tondan artıq yüş
daşınıb.
Məlumata görə, 2018-ci ilin yanvar-iyun aylarında
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində
daşınmış yüklərin həcmi 25 milyon 675,5 min ton olub. Yük
dövriyyəsi isə 5 milyard 525,7 milyon ton-km olub, əvvəlki ilin
müvafiq dövrü ilə müqayisədə 0,1 faiz və 2,6 faiz artım müşahidə
olunub. Yüklərin 15 milyon 932,1 min tonu və ya 62,1 faizi
avtomobil nəqliyyatı, 6 milyon 084,9 min tonu və ya 23,7 faizi
dəmir yolu nəqliyyatı, 3 milyon 658,5 min tonu və ya 14,2 faizi
dəniz nəqliyyatı ilə daşınıb.
Bakı Limanı: dəniz ticarətində əsas faktorlardan
biri

Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafında aparıcı
qurumlardan olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” da QSC
(Bakı Limanı) öz fəaliyyətini uğurla davam etdirməkdədir. 2018-ci
ilin birinci yarımilində yükaşırmanın həcmi 2 milyon tona çatıb.
Ümumi yükaşırmanın 86 faizi tranzit yüklərin payına düşüb.Hesabat
dövrü ərzində ən çox artım konteyner aşırılmasında qeydə alınıb.
Belə ki, 2018-ci ilin birinci yarımilində TEU ekvivalentində 10746
ədəd konteyner aşırılması qeydə alınıb ki, bu da ötən ilin müvafiq
dövrü ilə müqayisədə 53% artım deməkdir.Sərnişin daşımasında isə 37
faiz artım müşayiət olunubdur. Belə ki, cari ilin yarımilində 19
965 sərnişin Bakı Limanının imkanlarından istifadə edib. Onlardan
16 526 sərnişin (82.8 %) Türkmənistan, 3 439 sərnişin (17.2%) isə
Qazaxıstan və əks istiqamətdə səfərlər ediblər.Ələt qəsəbəsində
yerləşən Bərə Terminalında vaqon aşırılması 1%-ə yaxın artaraq 21
960 ədədə çatıb. Vaqonların 9 409-i (42.8%) Bakı-Türkmənbaşı-Bakı
istiqamətində, 161 vaqon (0.8%) Bakı-Aktau-Bakı istiqamətində, 12
390 vaqon (56.4%) isə Bakı-Kurik-Bakı istiqamətində hərəkət
edib.Hesabat dövrü ərzində Bakı Limanından istifadə edən iri həcmli
nəqliyyat vasitələrinin sayı 9 512 ədədə çatıb. Bunlardan 5 353
ədədi (56.3%) Bakı-Türkmənbaşı-Bakı istiqaməti, 4 047 ədədi (42.5%)
Bakı-Aktau-Bakı istiqaməti, 112 ədədi (1.2%) isə Bakı-Kurik-Bakı
istiqaməti üzrə hərəkət edib.Cari ilin birinci 6 ayında neft
terminalında xam neft və neft məhsullarının aşırılması 30 faiz
artaraq 280 min tona çatıb.
Xatırladaq ki, 14 may 2018-ci il tarixində Azərbaycan Prezidentinin
iştirakı ilə açılışı həyata keçirilmiş yeni Bakı Beynəlxalq Dəniz
Ticarət Limanının 1-ci fazada yükaşırma potensialı illik 15 milyon
ton, o cümlədən 100 000 TEU konteynerdir. 12 körpüdən ibarət
limanın 7 körpüsü ümumi quru yük gəmilərinə, 2 körpü bərələrə, 2
körpü isə Ro-Ro və Ro-Pax tipli gəmilərə xidmət göstərir. Daha bir
körpü isə Liman donanmasına xidmət edən körpü kimi istifadə
olunur.
Göründüyü kimi, Azərbaycan artıq dünyanın nəqliyyat şəbəkəsinin
əsas açarıdır. Bu, Prezident İlham Əliyevin uğurlu siyasətinin
bəhrəsidir.
Publika.az