Bakı. 22 aprel. REPORT.AZ/ 29 nəfər əlilliyi olan şəxs Türkiyəyə bərpa müalicəsinə göndərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, əlillərdən ibarət növbəti qrup aprelin 22-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.  
Nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev ölkədə əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, habelə onların xaricdə bərpa-müalicəsinin təşkili işlərinin daim gücləndirildiyini vurğulayıb: "Prezident İlham Əliyev əlilliyi olan şəxslərə daim diqqət və qayğı göstərir. Bu ayın əvvəlində 28 nəfər əlilliyi olan şəxs Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzinə yola salınıb. Onlara mərkəzdə yüksək səviyyədə bərpa-müalicə xidməti göstərilib ki, bu da onların səhhətində müəyyən yaxşılaşmaya səbəb olub. Bu, artıq əlilliyi olan şəxslərdən ibarət növbəti qrupdur ki, həmin mərkəzə yola salınır. Beləliklə, son bir ayda Nobel Tibb Mərkəzində bərpa-müalicə kursuna göndərilən əlilliyi olan şəxslərin sayı artıq 57 nəfərdir".
Şöbə müdiri bildirib ki, 2015-ci ildə ƏƏSMN-nin xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərəcəyi əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sayı ötən ilki ilə müqayisədə 20 faizədək çox, yəni 190 nəfər təşkil edəcək. Onlardan 75 nəfəri sağlamlıq imkanları məhdud uşaqlar olacaq ki, həmin uşaqlar valideynlərindən birinin müşaiyəti ilə yola salınacaq.