APA-nın “Kavkazskiy uzel” portalına istinadən verdiyi xəbərə görə, meyidin Danimarkaya aparılmasının ciddi xərc tələb etməsi ilə əlaqədar ailə onu Azərbaycanda dəfn etməyi düşünür.
“Biz onun doğmalarına məlumat verdik ki, meyidin Danimarkaya göndərilməsi təxminən 5-6 min dollara başa gələcək. Bakıda dəfn isə bundan dəfələrlə ucuz olacaq”, - deyə Danimarkanın Bakıdakı fəxri konsulluğundan bildiriblər. Fəxri konsulluğun əməkdaşı deyib ki, mərhumun ailə üzvləri meyidin yandırılması və külün Danimarkaya aparılmasını təklif ediblər: “Lakin Azərbaycanda belə imkan yoxdur. Biz ailədən cavab gözləyirik. Son məlumata görə, onlar Bakıda dəfn olunma variantına üstünlük verirlər”.
Səfirlik əməkdaşı onu da əlavə edib ki, ailənin xəstəxanaya hər hansı iradı yoxdur, çünki A. Lasten xəstəxanaya çox ağır vəziyyətdə çatdırılıb.
Xatırladaq ki, aprelin 19-da Banqkok-Kopenhagen aviareysi üzrə uçan, Norveç aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş edib. Təyyarənin göyərtəsində 288 sərnişin olub. Məcburi eniş 16:02-də baş verib və halı pisləşmiş, 1941-ci il təvəllüdlü Danimarka vətəndaşı Alen Lasten və qızı reysdən çıxarılıblar. Onlar 3 saylı Sabunçu Şəhər Xəstəxanasına aparılıblar. Həkimlərin səyinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. O, ağciyər-ürək tutmasından dünyasını dəyişib.
Milli.Az