Yəmənin qərbində Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasına məxsus Hərbi Hava Qüvvələrinin aviazərbələri nəticəsində ən azı 40 nəfər ölüb, daha 70-i yaralanıb.

Publika.az xəbər verir ki, TASS agentliyinin məlumatına görə, bu haqda tibbi mənbəyə istinadən “Al Mayadeen” telekanalı bildirib.

Kanalın informasiyasına görə, zərbələr El-Xodeyda əyalətinə endirilib. Öz növbəsində, “Al Masirah” telekanalının xəbərində deyilir ki, koalisiyanın zərbələrindən biri hospitalın binasına dəyib.

Qeyd edək ki, Yəməndə 2014-cü ilin avqust ayından hökumət gücləri ilə iranmeylli Husi qiyamçıları arasında qarşıdurma davam edir. 2015-ci ilin martında ərəb koalisiyasının müdaxiləsi ilə qarşıdurma ən aktiv mərhələsinə keçib.

Hüquqlar və inkişaf üzrə Yəmən Mərkəzinin məlumatına görə, 2015-ci ilin yazından ölkədə 2,4 min uşaq və təxminən 2 min qadın olmaqla, 10 mindən çox dinc sakin öldürülüb, 18,5 min yəmənli yaralanıb.