Təkfirçilik, radikallıq, vəhhabilik kimi təhlükəli tendensiyalarla mübarizə hər bir safdüşüncəli müsəlmanın borcudur. Xüsusən də son illər Suriya və İraqda baş verən tükürpədən qanlı cinayətlər fonunda bu istiqamətdə olan fəaliyyət qat-qat artırılmalı və məhsuldar olmalıdır. Gənc nəsli vəhhabilik və təkfirçiliyin zəhərli oxlarından qorumaq labüddür. Amma diqqət etmək lazımdır ki, qaş düzəldən yerdə göz çıxarılmasın.

Sosial şəbəkələrdə vəhhabilərlə dinimizin və səflərimizin saflığı uğrunda öz aləmində “cihad” edənlərə çox rast gəlmək olur. Bir də görürsən ki, “vəhhabilərə ancaq vələdüzzina qoşular” şüarı ilə silahlanıb atılırlar meydana. Çox maraqlıdır: məqsəd nədir?

Əgər hansısa aldanmış Azərbaycan vətəndaşını etdiyi seçimdə yanılmasına inandırmaqdırsa, o zaman ən müqəddəs dəyərləri təhqir olunan birisi bu “mücahidin” yer aldığı qrupa qoşulmaq naminə artıq özü üçün qətiləşdirdiyi əqidədən əl çəkərmi? Axı niyə də çəksin? Sabah bu “mücahidə” qoşulub tanımadığı birinin əcdadı barədə “şok açıqlama” vermək üçünmü?

Yox, əgər məqsəd qarşı tərəfin Suriya və İraqda törədilən qətliamlara mənəvi, bəzən isə hətta maddi dəstəyinə etirazı bildirməkdirsə, o zaman daha məqbul ifadələrə yer vermək, küçə, məhlə və tin səviyyəsinə enməmək mümkündür. Bu “mücahidin” əsirlərin keşməkeşli sınaqlarından keçən, minlərlə şəhid verən bir cərəyanın adından danışmağa cürət etdiyini nəzərə alsaq, onda vəziyyətin daha açınacaqlı olduğunu anlayarıq.

Unutmaq olmaz ki, pırpız saqqal və qısa balaq öz-özlüyündə günah deyil. Bu atributlara arxlanaraq da kiminsə bostanına daş atmaq, sui-zənn etmək yolverilməzdir. Çünki saqqal da, balaq da – onun öz şəxsi işidir və bu seçim azadlığı hamımıza Allah tərəfindən verilib.

Burda iki xüsusiyyət üzərində dayanmaq istərdik. Yaxşılığa dəvət və pisliklərdən çəkindirmə hər bir müsəlmanın borcudur. Amma... Əvvəla heç kim çiyinlərinə çəkə bilmədiyi yükü götürməməlidir. Çünki çökəndə yalnız özü çökməyəcək, artıq qeyd etdiyimiz kimi, təmsil etdiyi böyük ordunu çökdürəcək. İkincisi isə yaxşılığa dəvət ancaq yaxşı tərzdə ola bilər. Söyüş, aşağılama, təkəbbür olan yerdə kiminsə səni ciddi qəbul edəcəyinə ümid etmək sadəlövhlükdür. Və burda Nyutonun 3-cü qanunu çox bariz formada sübut olunur: sən söyürsən – səni söyürlər, valideynlərini söyürsən – valideynlərini söyürlər. Nəticədə isə ən yaxşı halda heç nə qazanmırsan. Amma əksər halda günah kisənə əhəmiyyətli “töhfə” verirsən.

Sonda isə qeyd edək ki, vəhhabilərə, təkfirçilərə, radikallara nifrətimiz nə qədər güclü olsa da, reallığı unutmamalıyıq: onların sırasında həqiqətən də iki yol ayrıcında səhv istiqamətə dönənlər, qəlbləri hələ tam qaralmayanlar, “təmiri” mümkün olanlar var. Belə “təmirlərin” də dəfələrlə şahidi olmuşuq. Odur ki, hələ “təmir” olunacaq Allah qullarını qabalığımız və səriştəsizliyimizlə vaxtından əvvəl “dəfn” etməyək.

Islam.az