Stuxlik xahiş etdi, söz verdi - Açıqlama
AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin yaradıldığını, ora sədr olaraq avstriyalı sabiq referi Fritz Stuxlikin təyin olunduğunu xəbər vermişdik.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Stuxlik AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra təşkil olunan brifinqdə iştirak edib. O, yeni işi və gələcək planları haqda danışıb:
"Məni AFFA-ya UEFA məsləhət gördü. Federasiya ilə uzunmüddətli müqavilə bağlamışam. Yeni, elit hakimlərlə bağlı planlarımız var və gənc hakimlərin cəlb olunması ilə bağlı işlər görəcəyik".
Bu gün hakimlərlə görüşəcəm, axşam isə "Qarabağ" - "Sumqayıt" oyununu izləməyə gedəcəm".
52 yaşlı keçmiş FİFA referisi ötən il Rumıniyanın paytaxtı Buxarestdə Əliyar Ağayevin idarə etdiyi oyunda hakim-inspektor olduğunu da xatırladıb:
"Ağayev həmin oyunu yaxşı idarə etdi. Bəlkə də, buna görə yeni kateqoriyaya yüksəldi".
Stuxlik hakimlərin qiymətlərinin ictimaiyyətə açıqlanmayacağını deyib:
"Konvensiyada yazılıb ki, qiymətlər yalnız hakimlərə bildiriləcək. Hazırda 3 kateqoriya var. Əliyar Ağayev yaxşı mövqedədir. Ağayevin elit kateqoriyaya yüksəlmə şansı da var. Bu, idarə edəcəyi oyunlardan asılı olacaq. Hakimlər və Hakim-İnspektorlar Komitəsinin ayrı olması UEFA-da çaşqınlıq yaratmışdı".
Yeni komitə sədri AFFA-dakı işində vaxta ehtiyacı olduğunu bildirib:
"Xahiş edirəm, mənə vaxt verin. Söz verirəm ki, bir neçə həftədən sonra sizinlə görüşümdə daha geniş məlumatlar verəcəm".
Milli.Az