“Vuelta” turnirinin qalibi “Tour d’Azerbaïdjan-2015” veloyürüşündə iştirak edəcək
Bakı, 3 aprel,
AZƏRTACMayın 6-dan 10-dək keçiriləcək "Tour d’Azerbaïdjan-2015" veloyürüşünün iştirakçıları arasında kifayət qədər tanınmış velosipedçilər olacaq. Onlardan biri ABŞ-ın “Airgas-Safeway Cycling” komandasının üzvü Kris Hornerdir.
AZƏRTAC
xəbər verir ki, K.Horner 2013-cü ildə “Radio Shack” komandasının heyətində çıxış edərkən, planetin ən nüfuzlu 3 velosiped yarışından biri sayılan “Vuelta”nın qalibi olmaqla adını dünya idmanı tarixinə yazdırıb. Diqqət çəkən daha bir məqam velosipedçinin bu titulu əldə etmiş ən yaşlı idmançı olmasıdır. Belə ki, K.Horner 2013-cü ildə “Vuelta” yürüşünün qalibi olarkən 42 yaşının tamam olmasına 1 ay 8 gün qalmışdı.
Velosipedçi “Tour d’Azerbaïdjan"da iştirakını karyerasının yeni səhifəsi kimi dəyərləndirərək deyib: “20 illik karyeram ərzində dünyanın bir çox yerlərində olmuşam. Həmişə yeni bir ölkəyə getdikdə, yeni mədəniyyətlə tanış olduqda bundan böyük məmnunluq hissi keçirirəm. Odur ki, “Tour d’Azerbaïdjan-2015”də iştirakımı səbirsizliklə gözləyirəm”.
Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev K.Hornerin “Tour d’Azerbaïdjan-2015” də iştirakını önəmli hadisə kimi vurğulayıb və bunu yarışın artan nüfuzu kimi qiymətləndirib. Bildirib ki, belə bir idmançını Azərbaycanda görmək olduqca xoşdur. Düşünürəm ki, bu amil həm velosipedsevərlərin, həm də mətbuatın böyük marağına səbəb olacaq. Digər tərəfdən, tanınmış velosipedçilərin Azərbaycan turunda iştirakı yarışımızın dünyada artan nüfuzundan xəbər verir. Bu isə kifayət qədər qürurverici məqamdır.