İdman ictimaiyyətinin nümayəndələri ilk Avropa Oyunlarının Bakıda keçirilməsini yüksək qiymətləndirirlər
Tbilisi, 10 aprel,
AZƏRTACTbilisidə idmanın ağırlıqqaldırma növü üzrə Avropa çempionatı yüksək səviyyədə təşkil olunub. Həm idmançılar, həm məşqçilər, həm də hakimlər üçün bütün şərait var. Çempionatı işıqlandıracaq jurnalistlər üçün də geniş imkanlar yaradılıb.
Bu sözləri
AZƏRTAC-a müsahibəsində çempionatın münsiflər heyətinin üzvü, Azərbaycanın əməkdar idman xadimi, SSRİ idman ustası, dünya və Olimpiya oyunları hakimi Vahid Nəzərov söyləyib.
V.Nəzərov deyib ki, çempionatı idarə edəcək hakimlər və münsiflər heyəti nüfuzlu idman ustalarından təşkil olunub. Artıq hakimlər və münsiflər heyətinin üzvləri yarışın keçiriləcəyi zalı, idmançılar üçün yaradılan şəraiti öyrənib və hazırlıq işlərini yüksək qiymətləndiriblər.
V.Nəzərov qeyd edib ki, Tbilisidə görüşdüyü hakimlər, idman ictimaiyyətinin nümayəndələri iki aydan sonra keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunlarına böyük maraq göstərirlər. İdman ictimaiyyətinin nümayəndələri ilk Avropa Oyunlarının Bakıda keçirilməsini yüksək qiymətləndirirlər. Bu yarışlara hazırlıqla bağlı Azərbaycanda görülən işlər xüsusilə yüksək dəyərləndirilir. Onlar Azərbaycanı həm də idman ölkəsi kimi tanıdıqlarını bildirilər.
Əməkdar idman xadimi Azərbaycan idmançılarının Tbilisidən Vətənə qələbə ilə qayıdacaqlarına əmin olduğunu bildirib. “Azərbaycanda idmana göstərilən yüksək dövlət qayğısı, gənclərə yaradılan şərait, məşqçilərimizin tələbkarlığı və idmançılarımızın yüksək əhval-ruhiyyəsi belə deməyə əsas verir”, - deyə o əlavə edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi