Belçikada “Bakı-2015” Avropa Oyunlarının təqdimatı olacaq
Bakı, 14 aprel,
AZƏRTAC
Aprelin 14-də Belçikanın paytaxtı Brüsseldə “Bakı-2015” Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək. Bu məqsədlə gənclər və idman naziri Azad Rəhimov Belçikaya rəsmi səfərə yola düşüb.
Gənclər və İdman Nazirliyindən
AZƏRTAC-a bildiriblər ki, Brüsselin “Egmont” sarayında keçiriləcək qala gecədə nazir Azad Rəhimovun, Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roqqe, Belçika Olimpiya Komitəsinin prezidenti Pierre-Olivier Beckers və Avropa Parlamentinin vitse-prezidentinin çıxışları nəzərdə tutulub.
Təqdimat mərasimi çərçivəsində “Bakı-2015” Avropa Oyunlarına hazırlıqla bağlı videoçarx və foto sərgi nümayiş etdiriləcək.
Səfərin ikinci günü isə Avropa Parlamentində “Bakı-2015” Avropa Oyunlarının təqdimat mərasimi olacaq. Mərasimdə A.Rəhimov, Avropa Parlamentinin üzvü İlham Kyuçyuk, Azərbaycanın Belçika Krallığındakı səfiri Fuad İsgəndərov, Avropa Parlamentinin üzvü Mark Tarabella və digər rəsmi şəxslər iştirak edəcək.
“Dəyirmi masa” ətrafında keçiriləcək təqdimat mərasimində “Bakı-2015” Avropa Oyunları ilə yanaşı, Azərbaycan və Avropa Parlamenti arasında əlaqələrin möhkəmləndirilməsi, gənclər sahəsində yeni layihələrin işlənilməsi, müxtəlif sahələrdə əldə edilmiş razılıqlar və digər mövzular müzakirə olunacaq.