Gimnastlarımız 4 medal qazandı (FOTO)
Bu həftəsonu Latviya və İspaniyada bədii gimnastika üzrə beynəlxalq turnirlər yekunlaşıb. ANS PRESS-in məlumatına görə, Riqada ənənəvi olaraq hər il keçirilən “Baltic hoop” yarışı, Gülsüm Şəfizadənin çoxnövçülükdə əldə etdiyi bürünc medalla yadda qalıb.
Birinciliyi Belarusdan olan gimnast Melitina Stanuta, “gümüş” medalı isə Rusiyadan olan gimnast İrina Annenkova əldə edib. Digər gimnastımız Zeynep Çelep çoxnövçülükdə və halqa ilə 8-ci yerdə qərarlaşıb. Yeniyetmələrdən ibarət qrup komandası 5 topla çıxışlarına görə 4-cü olub.
Eyni zamanda cənubda - İspaniyanın Barselona şəhərində Azərbaycan gimnastı Marina Durunda beynəlxalq turnirdə iştirak edib və o, gürzlərlə çıxışlarına görə 3-cü yerdə qərarlaşıb.
14-16 mart tarixlərində isə Çexiyanın Zlin şəhərində Azərbaycan gimnastlarının da yer aldığı beynəlxalq turnir keçirilib. Fərdi çıxışına görə Vladmir Dolmatov “gümüş” medal qazanıb, qarışıq cütlüyümüz isə (Dolmatova – Koltunova) iki cütlük arasında 1-ci yeri əldə edib. Anastasiya Koltunova da həmçinin, fərdi çıxışlarına görə finala çıxmağa müvəffəq olub, lakin daha sonra 10-cu yerdə qərarlaşıb.
Ölkəmizi bu yarışda yeniyetmə gimnastlar – Fəridə Ağayeva və Xədicə Quliyeva da təmsil edib. Onlar fərdi çıxışlarına görə müvafiq olaraq, 14-cü və 35 yerdə (38 yerdən) qərarlaşıblar.
ANS PRESS