Şəmkir, 21 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC
Şahmat üzrə on beşinci dünya çempionu hindistanlı Vişvanatan Anand beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Şhamkir Chess-2015” Beynəlxalq şahmat turnirinin beşinci turunda yarışların yeganə lideri amerikalı Uesli Soya qalib gəlib. Anandın ağ fiqurlarla oynadığı partiya 45-ci gedişdə başa çatıb.
AZƏRTAC xəbər verir ki, italyan Fabiano Karuana və holland Aniş Giri 44-cü gedişdə heç-heçə razılaşıblar.
Maqnus Karlsen (Norveç)–Maksim Vaşye-Laqrav (Fransa), Şəhriyar Məmmədyarov (Azərbaycan)–Vladimir Kramnik (Rusiya) və Rauf Məmmədov (Azərbaycan)–Maykl Adams (İngiltərə) partiyaları hələ davam edir.
İkinci ənənəvi Vüqar Həşimov Memorialında 10 qrossmeyster, o cümlədən indiki dünya çempionu Maqnus Karlsen, sabiq çempionlar Vladimir Kramnik və Vişvanatan Anand iştirak edirlər.
İştirakçıların orta reytinqi 2791-dir.
Turnir aprelin 16-dan 26-dək keçirilir.

