Moskva, 21 aprel, AZƏRTAC
Aprelin 21-də P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Azərbaycanın Əməkdar Artisti, Rusiya Böyük Teatrının solisti Dinara Əliyevanın konserti olacaq. O, həm də Vyana Dövlət Operasının və Latviya Milli Operasının dəvət edilmiş solistidir.
Tanınmış opera priması kamera vokal musiqisindən ibarət gözəl proqramla çıxış edəcək. Onun ifasında alman və ingilis bəstəkarlarının romansları və mahnıları səslənəcək.
Dinara Əliyeva müsahibələrindən birində deyib: “Konsertlərimdən sonra insanlarda ölkəmin mədəniyyətinə maraq oyandığını, ona münasibətin dəyişdiyini başa düşmək çox xoşdur. Mən Azərbaycanı dünyada təkcə müğənni kimi deyil, həm də adi insan kimi layiqincə təmsil etməyə çalışıram. Ölkəmi bundan sonra da şöhrətləndirməyə çalışacağam – o, hər şeyin ən yaxşısına layiqdir”.
D.Əliyevanın fikrincə, solo konsert çoxlu sayda tamaşa deməkdir. Burada hər bir ariyanı opera səhnəsində olduğu kimi ifa etmək, bir neçə dəqiqə ərzində dinləyicilərə aydın şəkildə parlaq obraz yaratmaq və bəlkə də bütöv bir ömür yaşamaq lazımdır. Həm vokal, həm də emosional baxımdan tam konsentrasiya lazımdır. Belə musiqini ifa edən zaman yay kimi olmalısan.
Müğənni ötən mövsümdə bir neçə dəfə Moskva tamaşaçısının mühakiməsinə müxtəlif repertuarlı, lakin həmişə çox keyfiyyətli solo proqramlar verib.
Svyatoslav Belza onun barəsində yazıb: “Dinara Əliyeva möhtəşəm səsi və yüksək sənətkarlığı sayəsində səhnə “qiyafəsini” asanlıqla dəyişə bilir. O, klassik opera qəhrəmanları ilə bərabər, Böyük Teatrın quruluşunda Ştrausun “Yarasa” operettasında Rozalinda obrazını canlandırıb. Konsertdə isə rus və Azərbaycan xalq mahnılarından, opera və operettalardan ariyalardan tutmuş romans və caza qədər müxtəlif janrlarda əsərlər ifa edə bilər”.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva