Biləsuvar, 21 aprel, Mahir Babayev, AZƏRTAC
Yanvar-mart aylarında Biləsuvarda ümumi məhsul buraxılışının həcmi 36.7 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur. Ümumi məhsulda kənd təsərrüfatının payı 8,6, sənayenin payı 2,3 milyon manat olub. Əsas kapitala yönələn investisiyalar isə 6,2 milyon manat təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 21-də Biləsuvarda 2015-ci ilin birinci rübün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda məlumat verilib.
Əvvəlcə yığıncaq iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev qeyd edib ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 34 sahibkara 368 min manat kredit verilib, 332 yeni iş yeri yaradılıb. İqtisadi inkişaf sosial və infrastruktur layihələrinin icrasına böyük impuls verib. Şəhərin park və xiyabanlarında abadlıq-quruculuq işləri aparılıb, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 100 və 200 yerlik uşaq bağçalarının tikintisi başa çatıb. Dövlət Sosial Müdafiə Fondu və Kənd Təsərrüfatı Nazirliyinin rayon şöbələri üçün yeni inzibati binaların, Səmədabad kəndində Heydər Əliyev parkının tikintisi davam etdirilir.
Bildirilib ki, dövlətimizin başçısının sərəncamları ilə 120 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası əsaslı təmir edilir, 6 yaşayış məntəqəsini birləşdirən 16 kilometr uzunluğunda Günəşli-Əliabad, 6 kilometr uzunluğunda Əsgərabad-Muğan-Çaylı avtomobil yolları inşa olunur. Ötən müddətdə respublika yaşıllaşdırma marafonu çərçivəsində 11 mindən çox ağac əkilib. Bir şəhər və 18 kənd qazlaşdırılıb, hazırda 6 kənddə bu iş davam etdirilir.
Yığıncaqda “Kənd təsərrüfatı ili” çərçivəsində rayonda həyata keçirilməsi nəzərdə tutulan layihələr diqqətə çatdırılıb, I Avropa Oyunlarına hazırlıq, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarının işi ətraflı müzakirə edilib, konkret tapşırıqlar verilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.