"Filankəs müğənni imicini dəyişdi", "Bəhmənkəs müğənni yeni eşqindən danışdı", "Bu müğənninin qlobal problemi var", "O müğənni ərini göstərdi"... Nə qədər cılız, absurd, mənasız işlərdir.

Və bizlərə yazıq ki, həmin adamların birhüceyrəli infuzoriya tərliyi ölçülərində olan "kiçik və kövrək dünya"larındakı bu pis qoxulu, kəsif iyli hisslərini, istəklərini, arzularını anlamaq məcburiyyətindəyik.
 
ATV telekanalındakı aparıcı Mətanət Əliverdiyeva proqramında deyib: "Mənim nəyimə lazım ki, kim kimin ərini əlindən aldı?!"
 
Aparıcı həmkarlarının arasında yer alan ekran ulduzcuqlarının bisavadlığından, peşəkarlıqdan çox uzaq olmasından bəhs edərək gileylənib.
Haqlıdır. Adam düz deyir.
 
Şou proqramlarındakı bu informasiya axını artıq kloaka halını alır və "xəbər naminə xəbər" prinsipi ilə işləyən saytlar, proqramlar - bir sözlə, ən müxtəlif media resursları qonşularından və yaxın qohumlarından savayı, çox az adamın tanıdığı şəxsləri az qala Ella Fitscerald, Xan Şuşinski, Barri Uayt miqyaslı "sənətkar"lar kimi təqdim edirlər.
 
Halonki o adamlar sənətKORlardır ki, bizlərin də sənətə baxan gözlərini mayıf etmək istəyirlər.
 
Bir əri, bir sponsor və bir iti olmasını "abır, ismət" sayanlar, səsləri ilə yalnız vağzalda marşrutların elanını təkrarlamağa yetəcək işlər görəsi şəxslər, özünü yolka ağacına bənzədərək süsləməyi zəriflik, simasını da Hellouin bayramındakı personajlar təki boyamağı imic sayanlar indi sənətimizdə meydan sulayırlar.
 
Onlarsız da yaşamaq olar, doğrudur.
Radionu söndür, televizorda başqa telekanala tamaşa et.
 
Fəqət, problemdən qaçış problemin həlli deyil, cənablar.
O adamlar hər birimizin evinin çağırılmamış, hikkəli, özündənrazı qonaqlarına dönüblər.
 
Bəlkə, onların həyatı, fəaliyyətləri bizə, doğrudan da, maraqlıdır və əslində təhtəlşüur səviyyəsindəki istəklərimizi, freydizmə söykənən arzularımızı pərdələmək üçün "baxmırıq, qulaq asmırıq, tanımırıq" yalanlarını özümüzə satır, təskinlik verməyə çalışırıq?
Özümüzü aldatmırıq ki?!
 
Özümü Bulqakovun "Usta və Marqarita" romanında İblisin ziyafətinə zorla aparılan, məcburi tamaşaçıya döndərilən binəva kimi hiss edirəm.

Bəs siz?
 
Orxan Hun
Milli.Az