Bakı, 21 aprel, AZƏRTAC
Moldovanın paytaxtı Kişinyovda təşkil edilən parataekvondo üzrə dördüncü Avropa çempionatına yekun vurulub.
Qitə çempionatına 12 idmançı ilə mübarizəyə qoşulan Azərbaycanın parataekvondo üzrə milli komandası 7 medal qazanıb.
Azərbaycan Taekvondo Federasiyasından (ATF) AZƏRTAC-a bildiriblər ki, 15 ölkədən 89 idmançının qatıldığı qitə çempionatına millimizin üzvlərindən Nicat Müslümov (75 kq), Rövşən Qəhrəmanlı (61 kq) və Aleksandr Polişuk (75 kq-dan yuxarı) qızıl medal qazanaraq fəxri kürsün ən yüksək pilləsinə qalxıblar.
Namiq Abbasov (61 kq) və Röyalə Fətəliyeva (49 kq) finalda rəqibinə məğlub olaraq yarışı ikinci pillədə başa vurublar. Digər təmsilçilərimizdən Anar Hüseynov (61 kq) və Vüqar Adışirinov (75 kq-dan yuxarı) bürünc medala layiq görülüblər.
Komandamız kişilər arasında və ümumi komandalar arasında üçüncü yerə layiq görülüb.
Milli komandamız yarışa ATF-nin vitse-prezidenti Niyaməddin Paşayev və baş katib Həmdiyyə Məmmədovun rəhbərliyi ilə qatılıb.
