Azərbaycan, Bakı, 20 aprel /Trend/

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" turnirində 4-cü tur başa çatıb.

Trend-in məlumatına görə, dünya çempionu Maqnus Karlsen hesabat turunda autsayder Maykl Adamsla heç-heçə oynayıb.

Partiyadan sonra keçirilən mətbuat konfransında norveçli qrossmeyster heç-heçənin sürpriz olmadığını bildirib: "Partiyanın əvvəlindən üstünlük qazanmaq istədim. Fiqurların dəyişdirilməsi belə kömək olmadı. Ağ fiqurlar üçün daha geniş imkanlar görünürdü. Təhlükə çox az idi. Bu mənada heç-heçə normal nəticədir. Adamsla xalı yarı bölmək sürpriz deyil. Rəqib kifayət qədər yaxşı müdafiə olundu. Ümumilikdə 4 turdan sonra çıxışımı yaxşı qiymətləndirirəm. Nəticə baxımından normaldır. Əminəm ki, növbəti 5 tur daha çətin olacaq. Hazırda turnir cədvəlindəki mövqeyim barədə düşünmürəm".

İngiltərə şahmatçısı M.Adams isə onun üçün əsas mübarizənin bu turdan başladığını söyləyib: "Çətin partiya idi. Karlsen üstünlük qazanmaqla dönüş yaratmağa cəhd edirdi. Qarışıqlıqda oynamaq asan deyil. Fikrimcə, dünya çempionu ilə heç-heçə pis nəticə deyil. Razıyam ki, Şəmkirdə hələlik öz oyunumu göstərmirəm. Turnir mənim üçün bir qədər yaxşı başlamadı. Bununla belə, əsas mübarizə qarşıdadır. Əsas partiyalar hələ başlamayıb".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az