Bakı, 20 aprel, AZƏRTAC 
Xəbər verildiyi kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il aprelin 19-da ölkəmizin ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təqaüd proqramına namizədlərin seçim imtahanının birinci mərhələsi olan test imtahanını keçirib.
İmtahan Bakı Dövlət Universitetinin I, II və yeni tədris binalarında aparılıb.
Nəticələr TQDK-nın internet saytında yerləşdirilib və SOCAR-a təqdim olunub.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 2.181 namizəddən 455-i imtahana gəlməyib. İmtahanda maksimal nəticə 33 bal olub (bu imtahanda toplanması mümkün olan maksimal bal 40 idi). İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər.
Müsahibəni SOCAR-ın məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.