Bakı, 20 aprel, AZƏRTAC 
Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında energetika sahəsinə əlavə maliyyə vəsaitinin ayrılması üçün danışıqlar aparılır. Bu, əsasən regionlarda paylayıcı şəbəkənin yenidən qurulması ilə əlaqədardır.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən maliyyə naziri Samir Şərifov qeyd edib ki, Azərbaycan infrastruktur layihələrinin həyata keçirilməsində AİB-dən vəsait cəlb etməkdə maraqlıdır. Əsasən enerji, su təchizatı, irriqasiya, yol tikintisi kimi layihələrdən söhbət gedir və bu sahədə görüləcək işlər çoxdur. Azərbaycanda enerji paylayıcı şəbəkələrinin texniki standartları o qədər də yüksək deyil. İstehsal etdiyimiz elektrik enerjisinin müəyyən hissəsini itiririk. Hökumət elektrik enerjisinin paylanmasını daha səmərəli etmək istəyir. Bu itkilərin baş verməməsi istiqamətində işlər görülür.