Bakı, 20 aprel, AZƏRTAC
Məktəblilərdə ətraf mühitə sağlam münasibətin formalaşdırılması, ekoloji biliklərin təcrübədə möhkəmləndirilməsi, təbiətə diqqət və qayğının artırılması məqsədilə Bakı şəhəri 44 nömrəli Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində “Təbiətə töhfəmiz” adlı yaşıllaşdırma aksiyası keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, növbəti aksiyada müxtəlif dərnəklərin üzvləri 274 və 320 nömrəli tam orta məktəblərin ərazisindəki yaşıllıq zolağını təmizləyib, çinar, küknar, şam, söyüd və albalı ağaclarının yeni tinglərini basdırıb, gül kolları əkiblər.
Ekoloji mərkəz Bakının Müşfiqabad qəsəbəsindəki 274 nömrəli tam orta məktəbdə yerləşir. Mərkəz yaşıllıq zolağında yaşıllaşdırma işini yüksək səviyyədə həyata keçirir. Dərnək üzləri və pedaqoji kollektiv hər il payız və yaz fəsillərində yaşıllaşdırma aksiyalarında fəal iştirak edirlər.