Strasburq, 20 aprel, AZƏRTAC 
İstər qaçqın olsun, istərsə də bir ölkənin daxilində məcburi köçkün, belə bir vəziyyətin mövcudluğu qəbuledilməzdir. Münaqişələr ucbatından bu qədər qaçqın və məcburi köçkünün olmasını və buna səbəb olan elə münaqişənin özünü qətiyyətlə pisləməliyik.
Bu fikirləri aprelin 20-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Ann Brasör qurumun yaz sessiyası çərçivəsində keçirdiyi ənənəvi mətbuat konfransında bildirib.
Son zamanlar Avropaya üz tutan qaçqınların vəziyyətinə və Aralıq dənizində 700 nəfərə yaxın insanın həlak olması məsələsinə toxunan AŞPA sədri jurnalistlərin sualına cavabında azərbaycanlı məcburi köçkünlərin də vəziyyəti haqqında fikirlərini bildirib: “Zorakılıq əməlləri və ya siyasi səbəblər üzündən qaçqın və məcburi köçkün düşmüş bütün insanlarla həmrəy olmalıyıq. Mən təcavüzün, bütün zorakı əməllərin qurbanlarının xatirəsini əziz tuturam. Təcavüz yolverilməzdir. Ermənistana qarşı sanksiya ilə bağlı suala gəlincə, bəli, hərdən sanksiyalar da tətbiq etmək lazımdır. Amma ən vacib məsələ dialoqdur.
A.Brasör mətbuat konfransında sessiya ərzində müzakirə ediləcək məsələlər haqqında da məlumat verib.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq