Almaniyanın xarici siyasət idarəsinin rəhbəri Frank-Valter Ştaynmayer Ukraynadan ilhaq edilmiş ərazilərin, o cümlədən separatçı respublikaların Rusiya tərəfindən tanınmasının ciddi problemlərə yol açacağını söyləyib.

ANS PRESS-in məlumatına görə, o, ölkə televiziyasına müsahibəsində bildirib ki, rəsmi Moskvanın qondarma Luqansk və Donetsk Xalq respublikalarını ( LXR, DXR) tanıması sülh prosesini çətinləşdirəcək.

Frank-Valter Ştaynmayer Rusiyanı Ukraynanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin ötən gün "Vesti v subbotu" proqramına müsahibəsində qondarma Donetsk və Luqansk Xalq respublikalarının tanınması imkanları barədə suala belə cavab verib: "Bu, məqsədəuyğun sayılmaya bilər. Amma biz daha çox həyatda baş verən reallıqlara baxacağıq."
Mənbə
ANS PRESS