[ 20 Aprel 2015 14:48 ]



Bakı. Ramiz Mikayıloğlu - APA. Türkmənistanın paytaxtı Aşqabad şəhərində bu ölkənin Nazirlər Kabineti sədrinin nəqliyyat və rabitə məsələləri üzrə müavini Satlık Satlıkovla görüş keçirilib.

 

“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, görüşdə cəmiyyətin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti, “Gürcüstan Dəmir Yolları” SC-nin, “Azərbaycan Xəzər Gəmiçiliyi” SC-nin və Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının  nümayəndələri iştirak ediblər.

 

Tədbirdə Avropa-Qafqaz-Asiya (TRASECA) beynəlxalq  nəqliyyat dəhlizi üzrə Türkmənistan vasitəsilə idxal-ixrac yüklərinin tranzit daşımaları üçün əlverişli şəraitin yaradılması, iştirakçı dövlətlərin lımanlarından istifadə etməklə onlar arasında beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə komitənin yaradılması məsələləri  müzakirə olunub.